“Yaşayış massivlərində əhalinin fövqəladə hallara hazırlanması” Hadisə

“Yaşayış massivlərində əhalinin fövqəladə hallara hazırlanması”

Noyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyaları ilə birlikdə "Yaşayış massivlərində əhalinin fövqəladə hallara hazırlanması" mövzusunda təlim kursu təşkil edib. Tədbirdə Bakıda fəaliyyət göstərən rayon bələdiyyələrinin sədrləri, müavinləri, üzvləri, FHN Aparatının və qurumlarının nümayəndələri, milli assosiasiyaların sədrləri, Bakı Regional Mərkəzinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.
Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev tədbirdə çıxış edərək əhalinin fövqəladə hallara hazırlanması və maarifləndirilməsi işinin FHN-in fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu bildiriblər. Qeyd olunub ki, son illər bu işin səmərəliliyinin artırılması məqsədilə FHN, onun qurumları, o cümlədən Bakı Regional Mərkəzi tərəfindən görülən işlərin miqyası durmadan genişlənir. Həmçinin mövcud potensialdan daha dolğun istifadə imkanı yaradan yeni iş formaları tətbiq edilir. Yeni iş formalarından biri də fövqəladə hallar orqanlarının yerli özünüidarəetmə orqanları - bələdiyyələrlə birgə yaşayış massivlərində əhalinin fövqəladə hallara hazırlanması sahəsində keçirdiyi tədbirlərdir.
Diqqətə çatdırılıb ki, son altı ildə Bakı Regional Mərkəzi Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli assosiasiyalarının köməyi və paytaxtda fəaliyyət göstərən bələdiyyə sədrlərinin iştirakı ilə 7 "dəyirmi masa" keçirib. Bakının 12 inzibati rayonunun icra hakimiyyətlərinin bazasında "Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti" və "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzularında hər il keçirilən müşavirələrə bələdiyyə nümayəndələri bir qayda olaraq dəvət edilirlər. Ötən ildən başlayaraq, Bakı Regional Mərkəzi paytaxtın bütün bələdiyyə sədrləri, sədr müavinləri və üzvləri üçün "Yaşayış massivlərində əhalinin fövqəladə hallara hazırlanması" mövzusunda təlim kursu keçirir.
Bu təlimin keçirilməsində məqsəd bələdiyyə fəallarına fövqəladə hallarla bağlı qabaqlayıcı tədbirlərin görülməsi, belə halların qarşısının alınması, baş verdikdə nəticələrinin aradan qaldırılması, fövqəladə hallar orqanları nümayəndələrinin hadisə yerinə gəlməsinə qədər ilkin tədbirlərin görülməsi və s. vərdişlərin aşılanmasıdır. Bu məqsədlə, tədbir zamanı iştirakçılara nazirliyin ictimaiyyətlə əlaqə idarəsi tərəfindən xüsusi proqram üzrə konkret məlumatlar verilib.
Sonra "Zəlzələ zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürücü balondan istifadə qaydaları", "Çimərliklərdə təhlükəsizlik qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "112 qaynar xətt" mövzularında məruzələr dinlənilib, videoçarxlar nümayiş etdirilib. Tədbirin praktiki hissəsində Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin həyətində FHN-in müxtəlif qurumları tərəfindən sərgilənən xüsusi xilasetmə texnikası və avadanlığına baxış keçirilib. Habelə qəza nəticəsində insanların hündür mərtəbələrdən və dağıntılar altından xilas edilməsi, eləcə də xüsusi hazırlıqlı itlər tərəfindən axtarılıb tapılması və s. əməliyyatlar nümayiş etdirilib.