Əflatun Amaşov tanınmış fotojurnalistə baş çəkib Hadisə

Əflatun Amaşov tanınmış fotojurnalistə baş çəkib

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri - Yusif Kərimov, Məzahir Süleymanzadə, Tahir Aydınoğlu və Rasim Sadıqov Əməkdar mədəniyyət işçisi, fotojurnalistikamızın tanınmış nümayəndəsi Rafiq Salmanovu evində ziyarət edib, ahıl sənətkarın müalicəsi və qayğıları ilə maraqlanıblar.
Əflatun Amaşov mətbuatımızın inkişafında xidmətlərinə görə Rafiq Salmanova Mətbuat Şurasının diplomunu təqdim etdi. Fotojurnalistə Ahıl Jurnalistlər Məclisinin hədiyyəsi verildi, maddi yardım göstərildi. Çay süfrəsi ətrafında söhbətdə qonaqlar Rafiq Salmanovun "Azərbaycan pioneri", "Vışka", "İdman" qəzetlərində, "Azərbaycan qadını" jurnalında işlədiyi illəri xatırladılar. Qeyd olundu ki, veteran fotojurnalist 20 ildən çoxdur ki, "Xalq qəzeti" redaksiyasında çalışır, dörd kitab müəllifidir,
Rafiq Salmanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Mətbuat Şurasına təşəkkürünü bildirdi.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin nümayəndələri mətbuatımızın qızıl fondu olan veteran qələm sahiblərinə daim qayğı göstərir, onlarla ünsiyyət yaradırlar. Məclis yubileylərdə, bayramlarda, kitab təqdimatlarında veteran jurnalistləri bir yerə toplaşır, onların mətbuat mühitindən kənarda qalmamasına çalışır. Məclisin təmsilçiləri həmçinin veteran qələm sahiblərini onların mənzillərində də ziyarət edirlər.