İrəvan Rusiyanı Qarabağla şantaj edir Hadisə

İrəvan Rusiyanı Qarabağla şantaj edir

Moskva hələ qəti qərar verməyə tələsmir.
Bu sözləri politoloq İlqar Vəlizadə deyib. Ekspert Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, filosof Aleksandr Duqinin Bakı səfərini belə şərh edib:
"Duqin bütün hallada araşdırmalarla məşğul olan bir elm adamıdır, tədqiqatçıdır. Bəli, onun maraqlı fikirləri var və bu fikirlər bu və ya digər şəkildə Rusiyanın Avrasiya məkanı ilə bağlı ideologiyasına daxil edilir. Rusiyada qərar qəbul edən insanlar zaman-zaman Duqinin ideyalarından bəhrələnirlər. Əslində, Duqinin Bakıya səfəri Azərbaycanı tanımaq və ölkəmizlə bağlı prosesləri təhlil etməkdən irəli gəlir. Bax, bu mürəkkəbliyi nəzərə alaraq hələ dəqiq deyə bilmərik ki, Duqinin Bakıda Qarabağla bağlı səsləndirdiyi fikirlər birbaşa Kremlin, yaxud da hansısa siyasi dairələrin mövqeyini əks etdirir".
Politoloqun sözlərinə görə, əslində, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması daha çox praqmatik əsaslarla zəngindir:"Bəs onda Rusiya rayonları niyə Azərbaycana qaytarmaq istəmir? Çünki Moskva Ermənistanı itirməkdən qorxur. Ermənistan rəhbərliyi Rusiyanı ittiham edir ki, əgər rayonlarla bağlı addım atılsa, ermənilər rusları siyasi səhnədən silə, əvəzində onların yerini qərbyönlü qüvvələrə verə bilərlər. Eyni zamanda, Rusiyanın Gümrüdəki 102-ci bazasının taleyi də sual altında qala bilər. Ona görə də Moskva hələ qəti qərar verməyə tələsmir. Əsas məsələ məhz bundan ibarətdir".
Qeyd edək ki, məşhur rusiyalı ictimai-siyasi xadim, filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin mayın 1-də Bakıya səfər edib. Kremlin ideoloqu kimi tanınan politoloq bildirib ki, tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qatarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq. Onun sözlərinə görə, Qarabağ və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və çox vaxt tələb edə bilər.