Musa Qasımlının erməni təcavüzündən bəhs edən əsəri Türkiyədə nəşr olunub Hadisə

Musa Qasımlının  erməni təcavüzündən bəhs edən əsəri Türkiyədə nəşr olunub

Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının erməni təcavüzündən bəhs edən əsəri Türkiyədə çapdan çıxıb. "Erməni sorunu və böyük dövlətlər.1724-1920" adlı əsər Ankarada nəşr olunub. Millət vəkili bildirib ki, kitabın geniş oxuyucu kütləsi var: "Bir neçə ölkənin arxiv materialları və sənədli mənbələri əsasında yazdığım bu əsər əvvəlki illərdə Bakı, Moskva və Ankarada Azərbaycan, ingilis, rus və türk dillərində nəşr edilib. Maraqla qarşılanıb, geniş oxucu kütləsi qazanıb, hətta Moskvanın ən məşhur kitab dükanlarının saytlarında ən çox satılan tarix kitablarının siyahısına daxil edilib. Dünyanın ən məşhur kitabxanaları tərəfindən alınaraq kataloqlarında yer tutub.
Ankarada yerləşən "Astana yayınları" Türkiyədə olan ehtiyacı nəzərə alaraq "İpək Universiteti" nəşriyyatının 2015-ci ildə çap etdiyi bu kitabın təkrar nəşri üçün icazə istədi. Etiraz etmədim. Tərəfləri qane edən müqavilə imzaladıq. Kitabı min nüsxə tirajla nəşr ediblər".
Musa Qasımlı kitabda qeyd olunan məsələlərdən də söz açıb:"Əsərdə ermənilərin Cənubi Qafqaz regionuna gətirilib azərbaycanlılara məxsus torpaqlara yerləşdirilmələri, böyük dövlətlər tərəfindən "Şərq məsələsi"nin tərkib hissəsi kimi uydurma "erməni məsələsi"nin ortaya atılması, ondan istifadə edilməsi, etməni siyasi-terror təşkilatlarının qurulması və fəaliyyətləri, böhranlı dövrlərdə Anadoluda və Cənubi Qafqazda törətdikləri kütləvi qırğınlar, çarizm tərəfindən Birinci dünya müharibəsi illərində erməni silahlı dəstələrinin hazırlanması və törətdikləri qətliamlar, daşnak Ermənistanında mülki əhaliyə qarşı soyqırımının dövlət siyasəti səviyyəsinə qaldırılması və b. məsələlər öz əksini tapıb. Əsər ən mötəbər arxiv mənbələri, Rusiya, ABŞ, Böyük Britaniya və b. ölkələrin rəsmi dövlət sənədləri əsasında tədqiq edilib. Problemə daha çox zamanın beynəlxalq münasibətlərinin şərtləri baxımından yanaşılıb. Bir daha sübut edilir ki, "erməni soyqırımı" deyilən bir şey siyasi məqsədlər üçün uydurulub, heç bir tarixi faktlara və gerçəkliyə əsaslanmır. Sənədlər əsasında təsdiq edilir ki, böyük dövlətlər erməni siyasi-terror təşkilatlarından öz məqsədləri üçün istifadə ediblər, onlar isə himayədarlarına müəyyən tarixi dövrlərdə xəyanət ediblər".
Qeyd edək ki, əsərin həm birinci, həm də ikinci nəşrinin elmi redaktoru Türkiyənin görkəmli tarixçisi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Trix İnstitutunun direktoru, professor Kamal Çiçəkdir.