MTRŞ ANS-ə pul vermədi Hadisə

MTRŞ ANS-ə pul vermədi

Nuşirəvan Məhərrəmli: "Telekanal vəsaitin xərclənməsində bir sıra nöqsanlara yol verib"

"Demək olar ki, bütün televiziya kanalları sənədlərini qaydaya salıb. Hamısı sənədlərini vaxtında verib. Ona uyğun da ödəmələr həyata keçib. Yalnız ANS-də bəzi problemlər var".
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ötən gün Şuranın iclasında milli teleserialların çəkilişinin dəstəklənməsi üçün ayrılan məbləğin telekanallar arasında necə bölünəcəyinə münasibət bildirərkən deyib.
N. Məhərrəmli bildirib ki, ANS vəsaitin xərclənməsində bir sıra nöqsanlara yol verib: "Ona görə də onlara bir az vaxt vermişik ki, qısa müddətdə problemi aradan qaldırsınlar. Bu səbəbdən ANS-ə ödəmələri dayandırmışıq. Digər televiziya kanalları ilə balı isə hər hansı problem yoxdur".
Şura sədri bildirib ki, prezidentin milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə ötən il ayırdığı 6 milyon manat vəsaitin qalan 200 min manatı bütün televiziya kanalları arasında bərabər bölünüb: "Bu, sonuncu ödəmədir. Bundan sonra o vəsaitin xərclənməsi bitir. Telekanallar serialların çəkilişi ilə bağlı sənədləri təqdim edəndən sonra vəsait ödənəcək".
Məsələyə ANS rəhbərliyinin mövqeyini öyrənmək mümkün olmayıb. ANS prezidentinin müşaviri Mais Məmmədov xəstə olduğunu, işə çıxmadığını, bu səbəbdən də açıqlama verə bilməyəcəyini bildirib. O, ANS-in vitse-prezidenti Mirşahin Ağayevlə əlaqə saxlamaı məsləhət görsə də, Mirşahin telefon zənglərinə cavab verməyib.
Qeyd edək ki, srağagün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda Şuranın qərarına əsasən milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz) min manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.