Azərbaycan parlamenti “Daxili qoşunlar haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib Hadisə

Azərbaycan parlamenti “Daxili qoşunlar haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

“Daxili qoşunlar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının (bundan sonra daxili qoşunlar) fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək.

Layihəyə əsasən, daxili qoşunlarda mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Daxili qoşunların kadrlar hazırlayan, onların ixtisasını artıran və elmi-tədqiqat işləri aparılan xüsusi təyinatlı təhsil müəssisələri vardır. Daxili qoşunların hərbi qulluqçuları təhsil müəssisələrində Azərbaycan Respublikasının təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada təhsil ala bilərlər. Daxili qoşunların hərbi qulluqçularının başqa dövlətlərin ixtisaslaşdırılmış təhsil müəssisələrində təhsil alması beynəlxalq müqavilələr əsasında təşkil edilir.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilmir.

Daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilir.

Bu Qanun qüvvəyə mindiyi gündən "Daxili qoşunların statusu haqqında" qanun ləğv ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.