“HƏMAS-ı qızışdıracaq potensial bir ölkə yoxdur” Gündəm

“HƏMAS-ı qızışdıracaq potensial bir ölkə yoxdur”

“İki il davam edən və on minlərlə insanın ölümünə səbəb olan İsrail və HƏMAS arasındakı müharibənin dayandırılmasını alqışlayırıq. Bu, çox ciddi bir hadisədir. Bu 2 il Rusiya-Ukrayna müharibəsinin də uzanmasına beynəlxalq şərait yaradan amillərdən biri olub. Yəni dünyanın diqqəti yalnız Rusiya-Ukrayna müharibəsinə deyil, eyni zamanda, Yaxın Şərqə yönəlmişdi”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlham İsmayıl deyib.

İ.İsmayıl əlavə edib ki, ona görə də HƏMAS və İsrail arasında sülh sazişinin imzalanması və onun dayanıqlı olmasına hər cür şəraitin yaradılması, nəzarət edilməsi çox vacibdir: “Çünki bundan sonra diqqət daha çox Rusiya-Ukrayna müharibəsinə yönələcək. Amma HƏMAS və İsrail arasında bu razılaşma dayanıqlı olacaqmı? Çünki az qala 1949-cu ildən bəri faktiki olaraq İsrail, Yaxın Şərq və ərəb ölkələri, xüsusilə Fələstinlə bağlı problemlər zaman-zaman müəyyən razılıqlar əldə olunmasına baxmayaraq yenidən alovlanıb. Hesab edirəm ki, bu dəfə daha ciddi ola bilər. Çünki müasir dövrdə vəziyyət elədir ki, sülh əldə edildikdən sonra bütün dünya maksimum çalışacaq ki, bu, bir daha alovlanmasın. Hər iki tərəf şərtlərlə razılaşıbsa, deməli, perspektiv üçün də o şərtlərə əməl olunmasının beynəlxalq qarantiyası da həll olunub. Bu qarantiyada HƏMAS konkret olaraq Misirin, Qətərin və Türkiyənin adlarını çəkib. Eyni zamanda İsrailin öhdəliklərinə bu ölkələrin nəzarət etməsini konkret olaraq burada ABŞ-nin də məsuliyyətini xüsusi olaraq vurğulayıb”.

O bildirib ki, İsrail ilə ABŞ-nin bu sülh planını bir yerdə hazırlaması onu göstərir ki, İsrail də buna əməl edəcək: “Həm də artıq HƏMAS-ı qızışdıra biləcək böyük bir potensial ölkə yoxdur. O ölkə indiyə qədər İran olub. İranın isə son dövrlərdə İsrail, ABŞ ilə kəskin münasibətləri, həmçinin 12 günlük müharibə və İranın proksi qüvvələrinin Livanda, Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə sıradan çıxarılması onu göstərir ki, İran artıq HƏMAS-a xüsusi bir dəstəyindən məhrum olub”.

Röya İsrafilova