

Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən yeni - 17.3-cü maddədə əksini tapıb.
Layihəyə əsasən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsində göstərilən reklam qurğuları və həmin məcəllədə göstərilən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektləri istisna olmaqla, digər yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq.
Pasportlaşdırma bu qanun qüvvəyə mindikdən sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil edilməyəcək.
Qeyd edək ki, qüvvədə olan Qanunda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları əksini tapıb və həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.