“Müasir elm - gənclərin baxışı ilə” adlı konfrans keçirilib Hadisə

“Müasir elm - gənclərin baxışı ilə” adlı konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti, Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Azad Həmkarlar İttifaqının (AHİ) birgə təşkilatçılığı ilə "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi - praktik konfrans keçirilib.
Konfransda çıxış edən AMEA-nın vitse - prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan elmində gənclərin çəkisinin artdığını bildirib.
İ. Həbibbəylinin sözlərinə görə, Akademiyada ana dilinin, dövlət dilinin daha dərindən öyrənilməsi istiqamətində mühüm addımlar atılır: "Bir neçə dildə səlis danışan gənc nəsil Azərbaycan ədəbi dilində yazmağı və danışmağı daha da təkmilləşdirməlidir".
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev qeyd edib ki, dekabrın 15-də Azərbaycanda ilk dəfə "Azərbaycan gənc alimlərinin I Qurultayı" keçiriləcək: "Bu konfrans bir növ həmin qurultaya hazırlıq xarakteri daşıyır. Konfransda gənclərlə bağlı elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri müzakirə olunacaq".
D. Tağıyev AMEA tərəfindən gənclərin elmə həvəsləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Konfransda AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi. AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AHİ-nin sədri Habil Qurbanov, GAMŞ-ın sədri Famil Salmanov çıxış ediblər.
Konfrans panellərlə davam etdirilib.