
“ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin əvvəl Moskvada Vladimir Putin, ardınca isə Kiyevdə Volodimir Zelenski ilə keçirdiyi görüşlər Rusiya–Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik prosesin yenidən canlandırılmasına cəhd kimi qiymətləndirilə bilər. Səfərlərin ardıcıllığı Vaşinqtonun hər iki tərəfin mövqeyini birbaşa dinləyərək mümkün kompromis çərçivəsi formalaşdırmağa çalışdığını göstərir. Bununla belə, indiki mərhələdə söhbət daha çox diplomatik imkan pəncərəsinin açılmasından gedir, real sülh sazişinin əldə olunmasından yox”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
Y.Bağırzadə deyib ki, Moskva görüşü üç saatdan çox davam edib və Kremlin məlumatına görə, danışıqlar “faydalı”, “konstruktiv” və açıq xarakter daşıyıb: “Rusiya tərəfi ABŞ nümayəndələrinin mümkün nizamlanma yolları ilə bağlı bir sıra ideyalar irəli sürdüyünü açıqlayıb. Eyni zamanda konkret razılaşmanın əldə olunmaması göstərir ki, əsas fikir ayrılıqları hələ də aradan qalxmayıb. Kiyevdə isə Uitkoff və Kuşner Zelenski ilə dediklərinə görə “çox məzmunlu” danışıqlar aparıblar və üçtərəfli – ABŞ, Rusiya və Ukrayna formatının yenidən bərpa olunması perspektivini önə çəkiblər. Bu, mühüm məqamdır. Çünki vasitəçinin tərəflərlə ayrıca danışmasından fərqli olaraq, üçtərəfli format Moskvanın və Kiyevin mövqelərinin birbaşa qarşılaşdırılmasına və kompromis nöqtələrinin müəyyən edilməsinə imkan yarada bilər. ABŞ nümayəndələri də yeni üçtərəfli danışıqların yaxın zamanda elan olunacağına ümid etdiklərini bildiriblər. Lakin əsas problem müharibənin siyasi və ərazi şərtlərində qalır. Rusiya Ukraynanın ərazi məsələsində ciddi güzəştlər etməsini tələb edir, Kiyev isə ərazilərindən imtinanı qəbul etmir və gələcəkdə Rusiyanın yeni hücumunun qarşısını alacaq etibarlı təhlükəsizlik zəmanətləri istəyir. Bu iki mövqe arasında hələlik fundamental ziddiyyət mövcuddur”.
Politoloqun sözlərinə görə, diplomatiyanın canlanması fonunda döyüşlərin və qarşılıqlı uzaqmənzilli zərbələrin davam etməsi də diqqət çəkir: “Yəni tərəflər danışıqlar masasına qayıtmağa hazırlaşsalar da, hərbi təzyiq alətlərindən imtina etməyiblər. Bu isə göstərir ki, həm Moskva, həm də Kiyev danışıqlara özlərinin cəbhədəki mövqelərini gücləndirmək məqsədi ilə yanaşırlar. Ümumilikdə dəyərləndirsək deyə bilərik ki, Uitkoff və Kuşnerin səfərləri real diplomatik irəliləyiş üçün imkan yaradır, lakin bu hələ real sülh irəliləyişi demək deyil. Əsas göstərici yaxın həftələrdə üçtərəfli danışıqların bərpa edilib-edilməyəcəyi və tərəflərin ərazi, təhlükəsizlik zəmanətləri və atəşkəs məsələlərində konkret kompromisə nə dərəcədə yaxınlaşacağı olacaq. Əgər Vaşinqton Moskva və Kiyev arasında yalnız vasitəçi deyil, həm də mümkün kompromisin təminatçısı rolunu üzərinə götürə bilsə, bu səfərlər müharibənin dayandırılması prosesində mühüm başlanğıca çevrilə bilər. Əks halda, görüşlər sadəcə diplomatik məsləhətləşmələrin növbəti mərhələsi olaraq qalacaq”.
Röya İsrafilova