15:04
420
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində “Şəffaflıq üzrə yüksək səviyyəli dialoq” panel sessiyası keçirilib.
APA xəbər verir ki, sessiyada çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Paris Sazişinin əhəmiyyətindən danışıb.
O bildirib ki, Paris Sazişi çox önəmlidir: "Ölkələrin bir araya gəlməsi, birgə işləməsi və iqlim dəyişikliyi ilə mübarizədə ümumi məqsədlər ətrafında birləşməsi vacibdir".
Yalçın Rəfiyev qeyd edib ki, Paris Sazişinin gücü və uğuru yalnız verilən vədlərlə ölçülməyəcək: “Əsas məsələ həmin vədləri reallığa çevirdiyimizi göstərə bilməyimizdir”.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank isə Türkiyənin COP31-dən əvvəl ikinci Şəffaflıq Hesabatını (BTR) təqdim etməyə hazırlaşdığını bildirib.
O qeyd edib ki, Türkiyə Paris Sazişinin Genişləndirilmiş Şəffaflıq Çərçivəsi (ETF) çərçivəsində ikinci BTR-ni hazırlayır və hesabatın COP31-dən əvvəl təqdim edilməsi planlaşdırılır.
Çıxışda şəffaflığın Paris Sazişinin “onurğa sütunu” olduğu və iqlim siyasətinə etimadın formalaşdırılmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, ilk hesabatın hazırlanması zamanı əldə edilən təcrübə Türkiyədə iqlim məlumatlarının toplanması və təhlili sisteminin yenilənməsinə səbəb olub. Hazırda müxtəlif nazirlik və dövlət qurumlarından məlumatların vahid rəqəmsal sistemdə birləşdirilməsinə imkan verən yeni infrastruktur yaradılıb.
COP30-un icraçı direktoru Ana Toni bildirib ki, hazırda enerji sektoru ilə yanaşı, kənd təsərrüfatı və nəqliyyat sahələrində də böyük transformasiya prosesi gedir. O qeyd edib ki, Braziliyada BTR-lərin hazırlanmasına Elm və Texnologiya Nazirliyi rəhbərlik edir və ölkənin yaxşı məlumat bazası mövcuddur. Bununla belə, dekarbonizasiya imkanlarının və karbonun tutulması potensialının ölçülməsi metodlarının daim təkmilləşdirilməsinə ehtiyac var.
COP31-in icraçı direktor müavini David Higgins isə Avstraliyanın 2026-cı ildə Paris Sazişinin Şəffaflıq Çərçivəsi (ETF) çərçivəsində hesabatlılığın gücləndirilməsini dəstəkləyəcəyini bildirib.
Avstraliya nümayəndəsi ETF çərçivəsində iştirakın ölkələrə iqlim siyasətlərinin real təsirlərini daha yaxşı qiymətləndirməyə, əlavə dəstəyə ehtiyac duyulan sahələri müəyyənləşdirməyə və daha güclü iqlim fəaliyyətinə təkan verməyə imkan yaratdığını vurğulayıb.




