13:49
336
ABŞ Quru Qoşunları Çin Xalq Respublikası (ÇXR) ilə silahlı münaqişə baş verəcəyi təqdirdə Havay adalarında yerləşən bölmələri potensial döyüş əməliyyatları zonasına göndərməyə hazır olmaya bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN telekanalı Quru Qoşunlarının 2026-cı ilin aprelində başa çatmış daxili auditinin nəticələrinə istinadən məlumat yayıb.
Məlumata görə, yoxlama zamanı "infrastruktur və avadanlıqlarla bağlı həll olunmamış problemlər", eləcə də Havay adalarından qoşunların operativ köçürülməsinə cavabdeh olan dəstək batalyonunun vəzifə bölgüsündə inzibati qarışıqlıq aşkar edilib. Xüsusilə, auditorlar logistika avadanlıqlarının kifayət qədər hazır olmadığını, kadr hazırlığındakı boşluqları və təmir otaqlarını su basmasını qeyd ediblər.
Audit nəticəsində Havay adalarındakı bölmələrin "qəfil fövqəladə hallar və digər missiyalar zamanı effektiv şəkildə yerləşdirilə bilməməsi" riski müəyyən edilib.
Havay adaları Asiya-Sakit okean regionunda ABŞ-nin hərbi planlaşdırılması üçün kritik əhəmiyyətli nöqtə hesab olunur. Adalarda təxminən 47 min hərbçi yerləşdirilib. Amerikalı planlaşdırıcılar arxipelaqı Çinlə silahlı münaqişə zamanı qoşunların və texnikanın Sakit okeanın qərb hissəsinə operativ şəkildə göndərilə biləcəyi nisbətən təhlükəsiz məntəqə sayırlar.
Məryəm Quliyeva