Dərslər sentyabrın 15-də başlanacaq Hadisə

Dərslər sentyabrın 15-də başlanacaq

Təhsil naziri: "Orta məktəb dərsliklərinin hazırlanmasında köklü dəyişiklərə ehtiyac duyulur"

Təhsil naziri Azərbaycanda dərs ili müddətinin artırılması məsələsinə növbəti dəfə aydınlıq gətirib. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında deyib ki, gələn tədris ilində Azərbaycanda dərslər sentyabrın 15-də başlanacaq. Nazir qeyd edib ki, növbəti tədris ilinin bitmə tarixini elan etməyə hələlik hazır deyil: "Hazırda nazirlikdə növbəti dərs ilinin tədris planı və təqvimi bağlı bir neçə variant hazırlanıb. Tədris ilinin uzadılması barədə qərar və bunun səbəbləri bir neçə dəfə diqqətə çatdırılıb".
Hazir deyib ki, orta məktəb dərsliklərinin hazırlanmasında köklü dəyişiklərə ehtiyac duyulur". O qeyd edib ki, qanunvericiliyə əsasən dərsliklərin müəllifi konkret dərsliyin yaranmasında maraq göstərən müəlliflər arasından seçilir: "Müəllif iddiasında olan hər kəs öz dərsliyini Təhsil Nazirliyinə təqdim edə bilər. Əgər 3 müəllif qrupu müxtəlif dərsliyi təqdim edirsə, biz onlardan birini seçmək məcburiyyətindəyik. Hətta onlardan heç biri bizim tələb və gözləntilərimizə cavab vermirsə, biz 3 dərslikdən birini seçməliyik. Seçmədiyimiz təqdirdə sentyabrın 15-də 7-ci sinfin "İngilis dili" dərsliyi olmayacaq. Bu sahədə sistemli optimallaşdırma və təkmilləşdirmə olmalıdır. Dərsliyin yuxarı həddi keyfiyyəti yalnız tender prosesində iştirak göstərən müəlliflərlə məhdudlaşmamalıdır".
M.Cabbarov əlavə edib ki, bu tədris ilində dərsliklərin hazırlanması prosesində bir sıra dəyişikliklər baş verib. Nazir bunun nəticələrinin növbəti tədris ilində müsbət mənada hiss olunacağını deyib: "Bir sözlə, dərslik hazırlanması prosesi, mövcud sistemin şəffaflığı istiqamətində sistemli tədbirlər görülür. Təcrübədə ilk dəfə olaraq dərsliklərin qiymətləndirilməsinə Təhsil Nazirliyində yaradılan Dərsliklərin Qiymətləndirilməsi Şurası, ekspertlərlə yanaşı ixtisaslaşmış ali təhsil mütəxəssisləri, TQDK ekspertləri cəlb edilib. Əgər əvvəllər dərslik hazırlanıb, çap olunandan sonra qiymətləndirilməsi baş verirdisə, bu il ilk dəfə olaraq prosesin ardıcıllığı təkmilləşdirilib. Belə ki, təqdim olunan dərsliyin seçimi üçün müvafiq rəylər öncədən nəzərə alınır".
Təhsil naziri bağça və məktəblərdəki problemləri də açıqlayıb: "Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsi ümumi tələbatın 20 faizə qədərini ödəyə bilir. Məktəbəqədər təhsilin imkanlarının artırılması üçün cəmiyyət, valideynlər tərəfindən bu sahə ilə bağlı qərarlar daha düşünülmüş şəkildə verilməlidir. İstənilən halda məktəbəqədər təhsil infrastrukturunda olan problemlər üzərində dövlət işləyir. Uşaq bağçaları tikilir, özəl uşaq bağçaları yaradılır. 2014-cü ilin yanvarından Vergi Məcəlləsində ciddi dəyişiklər edilib və bu sahədə yeni mexanizmlər tətbiq edilib ki, məktəbəqədər təhsil sahəsinin əhatə dairəsi mümkün qədər genişlənsin".
Təhsil naziri orta məktəblərdəki vəziyyət barədə də məlumat verib. O qeyd edib ki, bu gün bir sıra məktəblərə olan tələbat oradakı yerlərin sayı ilə üst-üstə düşmür. Dövlətin bu problemlin aradan qaldırılması üçün konkret addımlar atdığını deyən nazirin fikrincə, hər il ümumtəhsil sistemində yeni məktəblər tikilir: "Məqsədli şəkildə çalışırıq ki, məktəblərdə təhsil səviyyəsi eyni səviyyədə saxlanılsın. Amma burada təhsil sistemi ilə bağlı olmayan məsələlər də var. Nazirlik olaraq hər zaman ictimaiyyət üçün istənilən müzakirəyə açığıq. Təhsildəki problemlərin həlli ilə bağlı daha ədalətli, məntiqli, düzgün fikirləri dinləməyə hazırıq. Problem ondan ibarətdir ki, bir çox hallarda verilən təkliflər mövcud olan məlumata əsaslanmır. Belə olduğu halda biz qərarın verilməsini real məlumata əsaslanaraq veririk".