“Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı çapdan çıxıb Hadisə

“Akademik İsa Həbibbəyli. Biblioqrafiya” kitabı çapdan çıxıb

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi "Akademik İsa Həbibbəyli. Biblioqrafiya" kitabı nəşr olunub.
Nəşr görkəmli alim və ictimai-siyasi xadim, "Şöhrət" və "Şərəf" ordenli, Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin 1964-2018-ci illərdə dərc olunmuş əsərlərini və onun haqqında yazılmış materialları əhatə edir.
Kitabın elmi redaktorları AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirovdur. Nəşrin tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevadır.
Biblioqrafiyaya alimin həmin illərdə dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, elmi məsləhətçisi və rəhbəri, opponenti olduğu elmi işlər, habelə görkəmli alimin həyat və yaradıcılığı haqqında materiallar daxil edilib. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib.
Kitabda AMEA-nın müxbir üzvü Kamran Əliyev və professor Məmməd Əliyevin görkəmli alimin həyatı və çoxşaxəli elmi fəaliyyətindən bəhs edən "Böyük ömrün illəri və əsərləri" sərlövhəli "Ön söz"ü verilib.
Zəngin informasiyanı əks etdirən bu biblioqrafik informasiya mənbəyi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.