Qalib jurnalistlər mükafatlandırıldı Hadisə

Qalib jurnalistlər mükafatlandırıldı

Binəqədi Rayon İcra Hamiyyəti və Fondun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub
Dünən Binəqədi rayonunda 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü-ci il üçün qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçrilib. Tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri də mükafatlandırılıb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd edib ki, ötən il noyabrında rayon ictimaiyyətinin, icra strukturlarının nümayəndələri ilə media rəhbərləri arasında keçrilən görüşün yekununda "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazı müsabiqəsi elan edilib: "Bu gün həm də sözügedən müsabiqədə iştirak edərək qalib seçilən jurnalistlər mükafatlandırılır".
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında əvvəlcə Binəqədi rayonunun sosial iqtisadi inkişaf göstəricilərinə toxunaraq rayonun tərəqqisinin getdikcə daha dinamik xarakter aldığını bildirib. Daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən Vüqar Səfərli Fondun 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yaradıldığını diqqətə çatdırıb: "Azərbaycanı dünyanın lider ölkələri sırasına yüksəldən, onu beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevirən Prezident İlham Əliyev mediaya da daim yüksək diqqət və qayğı göstərir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da Azərbaycan Respublikasının Prezidentinin mediaya yüksək diqqət və qayğısının daha bir təzahürü olmuşdur. Cənab Prezidentin media işçilərinə yüksək qayğısının növbəti real nümunəsi kimi jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2010-cu ildə verdiyi sərəncam da xüsusi qeyd edilməlidir. Xatırlatmaq istərdim ki, keçən ilin iyulun 22-də, Milli Mətbuat günündə cənab Prezidentin iştirakı ilə Bibiheybət qəsəbəsində media işçiləri üçün inşa olunmuş binanın açılışı keçirilmiş və burada 156 media təmsilçisinə tam təmirli mənzillər təqdim olunmuşdur. Elə həmin gün jurnalistlər üçün 17 mərtəbəli, 3 girişli daha bir binanın təməli cənab Prezident tərəfindən qoyulmuşdur və burada inşa edilən mənzillər gələn il sahiblərinə təqdim olunacaq".
Vüqar Səfərli Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mövcud fəaliyyətindən də bəhs edərkən diqqətə çatdırmışdır ki, hazırda Fond tərəfindən 34 gündəlik və həftəlik qəzetə layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Onun sözlərinə görə, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də, jurnalist peşəkarlığının yüksəldilməsi məqsədilə müxtəlif tədbirlərin, o cümlədən fərdi jurnalist yazı müsabiqələrinin keçirlməsidir: "Bu müsabiqələr həm Fond, həm də Fondla digər icra strukrurları tərəfindən birgə təşkil olunur. Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə ötən ilin sonunda daha bir belə müsabiqə təşkil edilib. Burada bir məqamı da qeyd edim ki, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov ötən il həm də media ilə münasibətlərində müsbət mənada fərqlənən icra başçılarından olub. Məhz bu səbəbdən də, Xaləddin İsgəndərov Fondun xüsusi diplomu ilə təltif edilib.
Ötən ilin noyabrın 6-da Binəqədi Rayon İcra Hakimiyyətində baş redaktorlarla keçrilən görüşün nəticəsi olaraq "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqə elan olunub. Müsabiqəyə ümumilikdə 45 jurnalist yazı təqdim edib. Yazıların hər biri 3 ekspert tərəfindən qiymətləndirildikdən sonra, 1-ci yer üçün 1 nəfər, 2-ci yer üçün 2 nəfər, 3-cü yer üçün 3 nəfərdən ibarət qaliblər müəyyənləşdirilib. Bundan əlavə 13 jurnalist isə həvəsləndirici mükafata layiq görülüb".
Vüqar Səfərlinin çıxışından sonra qaliblər mükafatlandırılıb.
Müsabiqənin nəticəsinə əsasən, "Bakı xəbər" qəzetinin baş redaktor müavini Səfərova Samirə Məmmədhənifə qızı I yerin, "Mövqe" qəzetinin müxbiri Quliyeva Zülfiyyə Telman qızı və "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru İsmayılov Nadir Nəbi oğlu II yerin, "Xalq" qəzetinin əməkdaşı Bayramov Vaqif Binyat oğlu, "İki sahil" qəzetinin bölmə müdiri Namazov Elçin Sabir oğlu, "Səs" qəzetinin şöbə müdiri Bayramova Zümrüd Ələddin qızı III yerin qalibi kimi mükafatlandırıblar.
Bəhlul Eminli, Murad Şahməmmədov, Xalid Kazımov, Fariz Vəliyev, Ruslan Xəlilov, Elxan Salahov, Əziz Mustafayev, Yusup Əhmədov, Dilşad Yusifova, Pərvanə Hüseynova, Anar Miriyev, Ramiz Yusifov və Cavid Şahverdiyevə isə həvəsləndirici mükafat təqdim olunub.

XC