QHT Şurası hesabat verib Hadisə

QHT Şurası hesabat verib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib.
Konfransda şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun 2018-ci ildəki fəaliyyəti barədə geniş təqdimatla çıxış edib.
İcraçı direktor bildirib ki, ötən il həyata keçirilən 576 layihəni uğurlu hesab etmək olar: "QHT-lər bu layihələr çərçivəsində 34 adda kitab, 26 adda kitabça, 213 adda buklet, 212 adda digər çap materialları (posterlər, təqvimlər və s.) nəşr edib. Həmçinin 35 televiziya verilişi, 20 sosial çarx, 34 film və 11 sayt hazırlanıb.
Şuranın üç saytı fəaliyyət göstərir. Metodik dəstəyimiz, əsasən, elektron qaydada həyata keçirilir".
Fərasət Qurbanov bildirib ki, ötən il Şuraya 800-dən çox layihə təklifi daxil olub, onlardan 576 təklif Şura tərəfindən dəstəklənib və həmin layihələrə 4 milyon manata yaxın vəsait ayrılıb.
Şuranın 2018-ci illərdə keçirdiyi tədbirlər və konfranslar haqqında məlumat verən icraçı direktor deyib ki, il ərzində 8 beynəlxalq təşkilatın, səfirliyin nümayəndəsi qəbul olunub:
"Bütövlükdə Şuranın maliyyələşdirdiyi layihələr çərçivəsində 90 minə yaxın iştirakçı ayrı-ayrı tədbirlərdə və təlimlərdə iştirak edib. Şuranın maliyyələşdirdiyi layihələr çərçivəsində 2 mindən çox şəxs əmək haqqı alıb, onlardan 671 nəfəri layihənin əvvəlindən sonuna qədər çalışıb".
Fərasət Qurbanov bildirib ki, avadanlıqla bağlı təkliflər də dəstəklənib, bu il 21 QHT kompüter və printer, 93 adda digər avadanlıq əldə edib:
"İl ərzində 2170 müxtəlif mövzulu tədbirlər keçirilib. Bunlardan 491-i təlim, 1585-i tədbirdir, digər tədbirlərin sayı isə 94 olub".
Daha sonra yeni tətbiq olunacaq elektron üsulların siyahısı təqdim edilib. Bildirilib ki, bu ildən 13 adda elektron xidmət tətbiq olunacaq.
İcraçı direktor tətbiq olunacaq yeniliklərdən danışarkən deyib ki, bu, Şura sədri Azay Quliyevin şəxsi təşəbbüsüdür, bu sahədə şəffaflıq, ictimai məlumatlıq, obyektivlik və operativlik tam təmin ediləcək: "Bu proqramlar vasitəsilə QHT-lər qrant müqaviləsi bağlanması üçün bütün prosesləri elektron qaydada həyata keçirəcəklər. Müqavilə bağlamaq üçün Şuraya gəlmək vaxtını da özləri təyin edə biləcəklər".
Konfransda layihələr üzrə ən yaxşı nümunələr təqdim olunub.
Qeyd olunub ki, 576 layihənin 486 Bakıda, qalanı isə regiona təşkilatlarına aiddir. Azərbaycanın 58 rayonunda, eyni zamanda 13 xarici ölkədə layihələr həyata keçirilib.
İlin sonunda 128 layihə əla, 35 layihə yaxşı, 90 layihə kafi, 23 layihə isə qeyri-kafi qiymətləndirilib.
Problemlər ötən illərlə eyni olub, ən böyük problem layihə isə rəhbərlərinin müqaviləni oxumaması göstərilib.
Hesabatın müzakirəsi zamanı çıxış edən QHT rəhbərləri Şuranın 2018-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu və qənaətbəxş saydıqlarını deyiblər.