
"Qarabağ qaziləri" İctimai Birliyinin Azərbaycan Respublikası QHT-lər Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qarabat müşaribəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin sosial problemlərinin həllinə dəstək" layihəsi başa çatıb.
Bu barədə layihənin rəhbəri, "Qarabağ qaziləri" İctimai Birliyinin sədr müavini Firudin Məmmədov məlumat verib. Onun sözlərinə görə, dörd ay davam edən layihədə Qazilər əvvəlcədən icra planında nəzərdə tutulan bütün işləri başa çatdırıblar. Layihənin məqsəd və vəzifələrindən danışan Firudin Məmmədov bunları deyib: "Həyata keçirdiyimiz layihənin məqsədi Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərinin həyat şəraitini yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə dəstək olmaqdır. Bu məqsədlə də biz sözügedən təbəqənin nümayəndələri, onların ailə üzvləri üçün kompüter və ingilis dili kursları təşkil etdik. Əvvəlcə kurslara ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərindən 31 nəfərin müəyyənləşdirdik. Ardınca isə onlar üçün peşəkar kompüter və ingilis dili müəllimləri tərəfindən kursların təşkilini reallaşdırdıq".
Layihə rəhbəri bildirdi ki, təlim kurslarını uğurla başa vuranlara sertifikatlar veriləcək və gələcəkdə onların işlə təmin olunmasında birlik yardımçı olacaq.
Layihə çərçivəsində "Kompüter biliklər" adlı kitabça da çap edilib.