DİM buraxılış və qəbul imtahanlarının vaxtını açıqladı Hadisə

DİM buraxılış və qəbul imtahanlarının vaxtını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri müəyyən olunub. DİM-dən bildiriblər ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək. I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.
Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 3, 10 və 17-də, ikinci mərhələsi isə iyunun 2, 9 və 16-da keçiriləcək. Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 martın 31-də, ikinci mərhələsi isə iyunun 23-də keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.
XI siniflər üzrə buraxılış imtahanları aprelin 7, 14 və 21-də təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.
Əvvəlcədən elan olunduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcək.