Zelenski: Ərazi məsələləri liderlər səviyyəsində həll olunmalıdır Dünya

Zelenski: Ərazi məsələləri liderlər səviyyəsində həll olunmalıdır

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, amerikalı danışıqçılar müharibənin nizamlanması üçün ərazi məsələsinin müxtəlif həll yollarını tapmağa çalışır və danışıqlarda mütəmadi olaraq Donbas mövzusunu qaldırırlar, lakin bu məsələ istənilən halda liderlər səviyyəsində müzakirə olunmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, dövlət səfərində olduğu Dublində jurnalistlərlə açıqlama verən Zelenski bildirib: "Əlbəttə, onlar diqqətlərini buna cəmləyirlər. Düşünürlər ki, bu müharibəni dayandırmaq üçün biz öz ərazimizdən çıxmalıyıq. Ölkəmizin müstəqilliyindən söhbət gedəndə bizimlə bu tərzdə danışmaq olmaz. Onlar bu məsələnin bəzi həll variantlarını tapmağa çalışırlar və mən müxtəlif fikirlər eşitmişəm". Ukrayna lideri bu variantların müzakirəsinin saatlar aparacağını deyərək təfərrüatlara varmayıb.

Zelenski qeyd edib ki, hər şey amerikalıların Rusiya tərəfi ilə dialoq formatından və Kremlə təzyiq göstərmək istəyindən asılıdır. O, həmçinin vurğulayıb ki, bu cür həssas məsələləri həll etmək istəyi varsa, onları liderlər səviyyəsində müzakirə etmək lazımdır.

Ukrayna Prezidenti əlavə edib ki, Stiv Uitkoff və Cared Kuşner Putinlə görüşdə ona atəşkəs, o cümlədən enerji sahəsində atəşkəs təklifini çatdıracaqlar: "Şübhəsiz ki, atəşkəs, enerji atəşkəsi, dənizdə və kritik infrastruktura münasibətdə atəşkəs məsələləri qaldırılır, lakin Rusiya tərəfi məhz bu suallara cavab vermək üçün mandatlarının olmadığını bildirir. Biz razılaşdıq ki, Amerika tərəfi Rusiya lideri ilə görüşəcək və bütün bu məsələlər orada qaldırılacaq. Mən ən azı cavab alacağıma və axşam Dublində görüşəcəyimizə ümid edirəm".

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner noyabrın 12-də günün birinci yarısında Putinlə görüşəcəklər, axşam saatlarında isə Dublində Zelenski ilə görüş planlaşdırılır. Əbu-Dabi danışıqlarının yekununda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski tərəflərin sülhə yaxınlaşdığını qeyd etməklə yanaşı, "torpağımızın hər bir qarışı Rusiyaya qaytarılacaq" deyə bəyan edib.

Məryəm Quliyeva