ARDNŞ nanotexnologiyalara maraq göstərir Hadisə

ARDNŞ nanotexnologiyalara maraq göstərir

Tural

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının innovasiya şöbəsinin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Nanotexnologiyalar Departamentində tanışlıq görüşü keçirib. Görüşdə məqsəd hər iki qurumun fəaliyyət istiqamətləri ilə tanışlıq, əməkdaşlıq prioritetlərinin müzakirəsi olub. Görüş çərçivəsində AMEA və ARDNŞ arasında innovasiyalar, o cümlədən nanotexnologiyaların tətbiqi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirə əsnasında konkret potensial innovativ layihələrin işlənilməsi, layihələrin birgə hazırlanması və icrası məsələlərinə toxunulub.
Azərbaycanda neft-kimya, neft-qaz çıxartma, neft-maşınqayırma sahələrində elmi nailiyyətlərin və müasir texnologiyaların istifadəsi və bu sektorlarda innovasiyaların geniş tətbiqini nəzərə alaraq, bu istiqamətdə həm yerli, həm də beynəlxalq innovativ ideyaların və təşəbbüslərin birgə dəstəklənməsi, texnologiyaların kommersiyalaşdırılması və pilot layihələrin reallaşdırılmasında ikitərəfli əməkdaşlığın baza prinsirlərinə dair razılıq əldə edilib. Görüşdə, həmçinin Azərbaycanda innovasiyaların tətbiqi işində üçüncü tərəf kimi beynəlxalq qurum və özəl şirkətlərin iştirakı imkanları da müzakirə edilib.