Elmar Məmmədyarov Rumıniyanın enerji naziri ilə görüşüb Hadisə

Elmar Məmmədyarov Rumıniyanın enerji naziri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin enerji naziri Razvan Nikolesku ilə görüşüb.
APA-nın məlumatına görə, görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector (AGRI) layihəsi ilə bağlı müzakirələr aparılıb. R.Nikolesku ölkəsinin Azərbaycanla enerji sahəsində daha da sıx əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. E.Məmmədyarov isə iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirib, enerji təminatı üçün alternativ imkanları hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər barəsində məlumat verən nazir bu ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin 20 illiyinin qeyd olunacağını və bu münasibətlə Bakıda təşkil ediləcək tədbirlər çərçivəsində TANAP layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.