Hande Harmancı: "Pandemiya ilə mübarizədə yolumuz uzundur" Hadisə

Hande Harmancı: "Pandemiya ilə mübarizədə yolumuz uzundur"

“REACT-C19” heyəti seçilmiş xəstəxanalardakı mövcud vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldırılmasında xəstəxanalara dəstək olub.
Bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, iki həftə müddətində heyət Bakıda 4 xəstəxanada işləri yekunlaşdırdıqdan sonra Gəncə, Ağdaş, Goranboy və Şəmkirdəki xəstəxanalarda olub, fəaliyyət planı hazırlayıb tövsiyələr veriblər: “Bu tədbirlər infeksiyanın tibb işçilərinə, ailələrə yayılmasının minimuma endirilməsi üçündür. Bu müddətdə 400-dən çox tibb işçisi təlimlərdə iştirak edib. Yerli həkimlərlə ağır xəstələrin müalicəsi üçün təcrübələrini bölüşüblər. Bundan sonra da onlayn platformalar üzərindən tövsiyə və konsultasiyaların davam etməsi gözlənilir. Pandemiya ilə mübarizədə yolumuz uzundur. Bundan sonra da mübarizəyə dəstək verməyə davam edəcəyik”.