Azərbaycanın Rusiyadakı Səfirliyindən təkzib: Bu gün heç bir toplaşma olmayıb Hadisə

Azərbaycanın Rusiyadakı Səfirliyindən təkzib: Bu gün heç bir toplaşma olmayıb

Məlum olduğu kimi, cari ilin 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə Səfirliyin binasının önünə gəlmişdirlər. Səfir Polad Bülbüloğlu onlarla görüşmüşdür.

Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilmişdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən təəssüflə bildirilib ki, Səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxararaq təxribata əl atmış və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər vermişdirlər:

"Bildiririk ki, bu gün Səfirliyin qarşısında heç bir toplaşma olmamışdır. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya yönlü məlumat yayanlar Səfirliyin onsuz da gərgin işinə maneçilik törədirlər".