Azərbaycan ərazisindən narkotiklərin qanunsuz dövriyyəsində artımın səbəbləri Hadisə

Azərbaycan ərazisindən narkotiklərin qanunsuz dövriyyəsində artımın səbəbləri

Milli təhlükəsizlik nazirinin müavini Әli Şəfiyev "Narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradan mühüm xarici amillərdən biri Azərbaycanın geostrateji mövqeyi, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlrinin kəsişməsində yerləşməsidir"

Bahar Muradova: "Azərbaycan münaqişədən daha çox narkomaniyadan əziyyət çəkəcək"

Hicran Hüseynova: "Azərbaycanda narkomaniya ilə mübarizə üçün gənclərin ictimai fəallığı artırılmalıdır"

"Azərbaycan üçün narkotiklərin qanunsuz dövriyyəsində son illər müşahidə olunan artım tempi həm xarici, həm də daxili amillərlə bağlıdır". Bunu "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini Әli Şəfiyev deyib.
Nazir müavininin sözlərinə görə, xarici amillər sırasında ən birinci Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlamaqla beynəlxalq hüquq normalarını və prinsiplərini pozan Ermənistanın milli təhlükəsizliyimiz üçün doğurduğu təhdidlər qeyd olunmalıdır: "Ermənistan tərəfindən Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizin Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi, həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən narkotik vasitələrin becərilməsi, qanunsuz dövriyyəsi və digər cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb. Narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradan digər mühüm xarici amil Azərbaycanın geostrateji mövqeyi, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlrinin kəsişməsində yerləşməsidir. Həm bu mövqe, həm də ölkəmizin həyata keçirdiyi regional əhəmiyyətli layihələr və çoxtərəfli inteqrasiya meylləri cinayətkar birliklərin diqqətini bölgəyə cəlb edir".
Ә.Şəfiyev deyib ki, əlverişli geostrateji mövqeyə malik olan, iqtisadi baxımdan inkişaf edən Azərbaycan üçün də mütəşəkkil cinayətkarlıqla mübarizə çox aktualdır. Bu baxımdan narkotiklərin qacaqmalçılığı və və tranzit daşınmaları ilə mübarizədə səylərin birləşdirilməsi xüsusi əhqmiyyət kəsb edir. Son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etditi kontingent xeyli genişlənib, narkomaniya bəlasına düçer olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb. Yaranmış acınacaqlı vəziyyət bütün dünyada, eləcə də ölkəmizdə təcili və təzirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.
Nazir müavini qeyd edib ki, son illər uğurlu əməliyyat tədbirləri nəticəsində ölkədə narkotiklərin qanunsu dövriyyəsi cəhdlərinə qarşı mübarizə işi daha da güclənib:
"Әgər 2004-cü ildə MTN tərəfindən cəmi 25 kq narkotik vasitə götürülmüşdürsə, 2010-cu ildə bu rəqəm 1 ton 183 kq-a çatıb. Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınması kanalları aşkarlanıb, bir necə qrup və ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunublar".
Ә.Şəfiyev deyib ki, narkomanlıq genofondumuza vurulan ağır bəla kimi qiymətlənir, ona qarşı ardıcıl mübarizə aparılır: " Düşünürük ki, bu dəhşətli bəla nəinki dövlət qurumları, ictimai təşkilatları, ümumən cəmiyyəti narahat etməlidir. Bu mübarizə yalnız inzibati metodlarla aparılmalı deyil, tutduğu vəzifə və statusundan asılı olmadan hər ksin işinə çevrilməlidir. Narkomanlığın doğurduğu təhlükələr hərtqrqfli qiymətləndirilməli və ona qarşı mübarizə tədbirləri əlaqələndirilmiş formada aparılmalıdır.
Ә.Şəfiyev deyib ki, bu gün gənclərin bu bəlaya düçar olmasının başlıca səbəblərindən biri onların bəzi hallarda ailə və cəmiyyətin dəstəyindən kənarda qalmalarıdır. Yaş, təcrübə və başqa səbəblərlə yanaşı, onların zərərli vərdişlərə yoluxmalarında hüquqi biliklərinin aşağı olmasının da təsiri var: " Әlbəttə, cinayətkar şəbəkə və şəxslərin qurbanları olan uşaqlar, gənclər və qadınların hüquqi müdafiəsi, onların reabilitasiyası üçün müalicələri də daxil olmaqla, müvafiq tədbirlərin görülməsi də zəruridir.
Milli Məclisin vitse-spikeri Bahar Muradova da çıxışında qeyd edib ki, Azərbaycan bütün yolların kəsişməsində yeləşir və narkotik tranziti yolu üzərində dayanan ölkə kimi biz də bu prosesdə istər-istəməz iştirak etməli oluruq, Azərbaycan vətəndaşları bu prosesə cəlb olunurlar: "Təəssüf doğuran hal odur ki, baş verən cinayətlərə diqqət yetirdikdə çox zaman diqqəti daha az çəkən uşaqlar və qadınlardan istifadə edildiyinin şahidi oluruq".
Onun sözlərinə görə, hətta bəzən ailəliklə bu cinayətə qoşulma halları olur. Bu yaxınlarda ananın həbsxanada cəza çəkən oğluna narkotik vasitə aparmasını çox acınacaqlı hal kimi qəbul edən vitse-spiker qeyd edib ki, bu məsələdə ailənin üzərinə xüsusi məsuliyyət düşür.
B.Muradova hesab edir ki, müvafiq qurumlar belə ailələrin fəaliyyətini daim nəzarətdə saxlamalıdırlar: "Hesab edirəm ki, yalnız bu şəkildə problemi aradan qaldıra bilməyəcəyik. Onu yalnız müəyyən qədər məhdudlaşdıra biləcəyik. Әks təqdirdə, Azərbaycan münaqişədən çəkdiyi əziyyətdən daha çox narkomaniyadan əziyyət çəkəcək. Bu, elə bir problemdir ki, onu bir addımla, bir proqramla aradan qaldırmaq mümkün deyil".
Bu məsələnin Azərbaycan parlamentində daim diqqət mərkəzində olduğunu nəzərə çatdıran B.Muradova deyib ki, narkomaniya xəstəlik kimi başlayır, sonda cinayətə çevrilir: "Buna görə də bu problem beşikdəcə boğulmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, Azərbaycanda narkomaniya ilə mübarizə üçün gənclər arasında ictimai fəallığın, məşğulluğun artırılması çox vacibdir. Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda narkomanların sayı azdır. Buna baxmayaraq, narkomanlığın qarşısını almaq üçün dövlət tərəfindən bütün tədbirlər həyata keçirilir: "Azərbaycanın bu problemlə mübarizə aparması üçün güclü qanunvericilik bazası mövcuddur".
H.Hüseynova deyib ki, ölkədə uşaq və gənclərin, o cümlədən qızların sağlam həyat tərzi sürməsi üçün hər çür şərait yaradılır: "Bununla belə, ölkədə gənclər, o cümlədən qızlar arasında mədəni, ictimai fəallığın, məşğulluğun artırılması çox vacibdir. Asudə vaxtlarının düzgün keçirilməsi onların daha sağlam həyat tərzi sürməsinə və zərərli vərdişlərdən uzaq olmasına gətirib çıxarır".
Onun sözlərinə görə, risk qrupuna daxil olan uşaq və qadınlar arasında maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyətə malikdir: "Bütövlükdə ailənin qorunması üçün sağlam həyat tərzinin olması çox vacibdir. Lakin əfsuslar olsun ki, xüsusilə gənclər, o cümlədən qadınlar zərərli vərdişlərin qurbanıdırlar. Təəssüf ki, bəzən uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər. Bundan başqa, onlar həm də insan alverinin, məişət zoraklığının qurbanına cevrilirlər. Biz narkomaniyaya qalib gəlmək üçün bütün səylərimizi birləşdirməliyik".