Şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə daha 57 ev təqdim edildi - FOTO Hadisə

Şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə daha 57 ev təqdim edildi - FOTO

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi cəmi 44 gün ərzində erməni faşizminin işğalından azad etdi, daim qürur doğuran şanlı qəhrəmanlıq tarixi yazdı. Bu möhtəşəm Zəfərimizlə qüdrətli Orduya malik güclü dövlət olduğumuzu, sarsılmaz birliyimizi dünyaya göstərdik.

Trend-in məlumatına görə, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın müxtəlif bölgələrində daha 57 fərdi yaşayış evinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.

Goranboy rayonunda evlərin təqdim edilməsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak ediblər.

V.Nəsirli vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin edir. Bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə genişləndirilir.

Nazir müavini bu qələbə ovqatlı günlərdə də qeyd olunan proqramın uğurla davam etdirildiyini deyib. V.Nəsirli bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 1200-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9 minə yaxın şəhid ailəsi və müharibə əlili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edilib.

Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə, Silahlı Qüvvələrimizlə daim fəxr etdiklərini və Azərbaycanın tarixi Zəfərindən sonsuz sevinc, iftixar hissi keçirdiklərini vurğulayıblar. Onlar yüksək diqqət və qayğı ilə əhatə olunduqlarına, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan mühüm işlərə, yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.