“Yeni müttəfiqlər: İsrail və Cənubi Qafqaz regionu” Hadisə

“Yeni müttəfiqlər: İsrail və Cənubi Qafqaz regionu”

Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsində Azərbaycanla bağlı müzakirələr keçirilib

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin (The American Israel Public Affairs Committee) ənənəvi illik siyasi konfransında geniş auditoriya qarşısında çıxış edib. Səfirlikdən APA-ya verilən məlumata görə, konfrans çərçivəsində keçirilmiş, moderatoru Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun Türkiyə Araşdırmaları proqramının direktoru Soner Cağatay olan "Yeni müttəfiqlər: İsrail və Cənubi Qafqaz regionu" mövzusunda müzakirələrin digər iştirakçıları Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu nəzdində fəaliyyət göstərən İpək Yolu Araşdırmaları Proqramının direktoru Svante Kornel (Svante Cornell) və Hayfa Universitetinin baş mühazirəçisi Brenda Şaffer olub.
Səfir E.Süleymanov Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin tarixindən bəhs edərək, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında Azərbaycan xalqı ilə ölkədə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirib. Tarixən yəhudilərin əhalisinin əksəriyyətinin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqla şəhid olması faktının Azərbaycan xalqının heç vaxt unutmayacağını söyləyib.
Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini nəzərə çatdıran E.Süleymanov yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmini vurğulayaraq bu xüsusda İsrail prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərlərini xatırladıb.
Daha sonra çıxış edən S.Kornel və B.Şaffer beynəlxalq arenada baş verən siyasi proseslər fonunda region dövlətlərinin xarici siyasət istiqamətlərini təhlil ediblər.