“ABŞ-ın yeni səfiri xoş məramının olduğunu təsdiq etməlidir” Hadisə

“ABŞ-ın yeni səfiri xoş məramının olduğunu təsdiq etməlidir”

Tofiq Abbasov: "Yeni səfir çərçivədən kənara çıxmamalı və əvvəlki diplomatlar kimi açıqlamalar verərək vəziyyəti daha da gərginləşdirməməlidir"

"Amerika Birləşmiş Ştatlarının yeni təyin olunmuş səfiri Robert Sekutanın Azərbaycandakı fəaliyyəti barədə hələlik nəsə demək mümkün deyil".
Bu barədə "SalamNews"a açıqlama verən siyasi şərhçi Tofiq Abbasovun sözlərinə görə, əgər yeni səfir sələfi Riçard Morninqstar kimi fəaliyyət göstərsə, iki ölkə münasibətlərində heç bir irəliləyişə nail olunmayacaq: "Çünki, keçmiş səfir dəfələrlə səlahiyyətlərindən kənara çıxaraq, Azərbaycanın daxili işlərinə müdaxilələr edirdi. Buna görə də rəsmi Bakı tez-tez diplomatik vasitələrlə ona öz vəzifələrini xatırladırdı. Yeni səfir isə münasibətlərdəki anlaşılmaz məqamlarla bağlı aydın mövqe nümayiş etdirməli, ölkəsinin Azərbaycanla bağlı xoş məramının olduğunu təsdiq etməlidir. O, bildirməlidir ki, Azərbaycanla qurulan münasibətlərdə heç bir məkr, pərdəarxası məqamlar yoxdur və atılan bütün addımlar iki ölkənin bir-biri ilə yaxınlaşmasına yönəlib. Əgər onun gələcək fəaliyyəti bu məqamlardan ibarət olarsa, anlaşılmaz münasibətlər də aradan qaldırılacaq. Yaxud da öz sələfinin getdiyi yolla gedərsə, qarşısında duran vəzifələri yerinə yetirə bilməyəcək".
T.Abbasov qeyd edib ki, yeni səfirin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atacağı istənilən addımı, ABŞ-ın mövqeyi kimi diqqətdə saxlanılacaq: "Hazırda bu məsələ ilə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik məşğul olur. Bununla belə, bu ölkənin Azərbaycandakı və Ermənistandakı səfirləri də vaxtaşırı münasibət bildirirdilər. Onlar çalışırdılar ki, öz dövlətlərinin bu məsələ ilə bağlı mövqeyini nümayiş etdirsinlər. Ancaq bəzi məqamlarda çərçivədən kənara çıxaraq, məntiqə sıxmayan münasibət bildirirdilər. Diplomatların əsas vəzifəsi isə tarazlıq prinsipini qoruyaraq daha ehtiyatla hərəkət etməkdən ibarətdir. Qarabağ problemi həssas məsələ olduğu üçün yeni səfir çərçivədən kənara çıxmamalı və əvvəlki diplomatlar kimi açıqlamalar verərək vəziyyəti daha da gərginləşdirməməlidir. Onu da nəzərə alaq ki, 2015-ci ildə münaqişənin həlli ilə bağlı yeni maraqların ortaya çıxacağı gözlənilir".