Azərbaycanda sağlamlıq turizmi xidmətləri: Əsasən, kimlər yararlanır? Hadisə

Azərbaycanda sağlamlıq turizmi xidmətləri: Əsasən, kimlər yararlanır?

Ölkədə sağlamlıq turizmi üzrə əsas müştəri seqmenti ölkə vətəndaşları olaraq qalır. Belə ki, ölkədə müalicə-sağlamlıq xidmətlərindən istifadə edənlərin sayı 200 min nəfərə yaxındır ki, bunun da 63,9 min nəfəri xarici turistlərdən ibarətdir.

Trend-in məlumatına görə, müalicə-sağlamlıq turizm xidmətlərindən istifadə edənlərin 68%-i ölkə vətəndaşlarıdır.

Ölkə vətəndaşları həmkarlar təşkilatının güzəştli yollayışlarından yararlanmaqla birlikdə fərdi sağlamlıq xidmətləri təklif edən müasir kurort mərkəzlərinə də gedirlər. Ölkədə ənənəvi güzəştli yollayışlar (putyovka) əsasında sanatoriyaların müalicə xidmətlərindən istifadə olunması dövlət və özəl müəssisələrdə çalışanların Kurort Səhmdar Cəmiyyətinin tabeliyində olan müalicə-sağlamlıq müəssisələrindən istifadəsinə imkan verir.

Sağlamlıq turizmindən istifadə edən xarici turistlərin əsas hissəsi MDB məkanından gələn qonaqlardır. Bunlar arasında Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Özbəkistan vətəndaşları Azərbaycandakı sağlamlıq turizmi xidmətlərindən daha çox yararlanır. Qeyd olunan seqment müalicə-sağlamlıq xidmətlərinə üstünlük verməklə, ənənəvi olaraq daha çox Naftalan kurortlarını seçirlər. Eyni zamanda, MDB ölkələrindən gələn qonaqların bir hissəsi “Qalaalti Hotel & Spa”, Duzdağ və Abşeron sanatoriyalarını seçirlər. Bu seqment üçün sağlamlığın bərpası əsas tələb olmaqla yanaşı, xidmətlərin sayı və keyfiyyəti də önəmli hesab edilir.