KİVDF 34 qəzetə pul ayırdı Hadisə

KİVDF 34 qəzetə pul ayırdı

İyunun 30-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdəki məsələlər barədə məlumat verib.
Umud Mirzəyev 2015-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin müzakirəsi ilə bağlı sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Fondun icraçı direktoru Vüqar Səfərli elan edilmiş şərtlər çərçivəsində müsabiqəyə 35 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, ilin birinci yarısında Fondan maliyyə yardımı almış 33 qəzetdən əlavə daha 2 mətbuat orqanı - "Hürriyyət" və "Zaman çempion" qəzetləri də layihə təklifləri təqdim ediblər. Müvafiq araşdırmalardan sonra "Hürriyyət" qəzeti də daxil olmaqla, 34 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğun olduğu müəyyən edilib.
Sonra müsabiqənin şərtlərinə müvafiq olaraq təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinin diqqətinə təqdim olunub. Müzakirələr zamanı Müşahidə Şurası üzvlərindən - Vüqar Rəhimzadə, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov Fondun maliyyə yardımı müsabiqələrinin mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 34 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2015-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının qərarına əsasən, 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə "Kaspi", Mövqe", "Yeni Azərbaycan", "Ədalət", "525-ci qəzet", "Səs", "Bakı-Xəbər", "Yeni Müsavat", "Kaspiy", "Ekspress" və "Palitra" qəzetlərinə 60 000, "Paralel", "Həftə İçi", "Azad Azərbaycan", "Şərq", "Xalq Cəbhəsi", "Futbol+Qol", "Bizim Yol" və "Olaylar" qəzetlərinə 40 000, "Novoye Vremya", "Futbol+", "Üç Nöqtə", "Azernews" qəzetlərinə 30 000, "Unikal", "Olimpiya Dünyası", "Oxu Məni", "Zaman-Azərbaycan" qəzetlərinə 20 000, "Reytinq", "Təhsil Problemləri", "The Business Times", "Hərbi And", "Türküstan", "İqtisadiyyat" və "Hürriyyət" qəzetlərinə 9 000 manat vəsait ayrılıb.