Ləman Rüstəmova: Ölkəmizdə blogerlik gündən-günə inkişaf edir və populyarlaşır Mədəniyyət

Ləman Rüstəmova: Ölkəmizdə blogerlik gündən-günə inkişaf edir və populyarlaşır

AZƏRTAC Azərbaycanın populyar blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz “Saat Store” və “İrşad” kimi iri şirkətlərlə əməkdaşlıq edən bloger və ssenarist Ləman Rüstəmovadır. O, həmçinin Ceyhun Səmədovun “Getmə” adlı mahnı klipində iştirak edib. Ləman müsahibə əsnasında necə uğur qazanması barədə danışıb və blogerliyə yeni başlayanlara məsləhətlər verib.

-Ləman, blogerlik fəaliyyətiniz necə başladı?

- 2018-ci ildən modelliklə məşğul olurdum və bu, getdikcə blogerliyə çevrildi. Əvvəlcə tənqidlərə məruz qalacağıma görə sıxılırdım, amma 100 min baxış toplayan ilk videom məni bu işi davam etdirməyə ruhlandırdı. Əsl uğur isə populyar olan məktəb hekayələri haqqında videolar çəkməyə başlayanda gəldi.

- Əyləncəli və maarifləndirici məzmun arasında balansı necə tapırsınız?

- İzləyicilərimin maraqlarına diqqət yetirirəm, çox vaxt öz həyatımdan da ideyalar götürürəm. Psixologiya, məktəb və universitetlə bağlı məzəli hekayələr, eləcə də sevgi mövzusunda tamaşaçılar üçün xüsusilə maraqlı olan videolar çəkirəm.

- Çəkiliş prosesini necə planlaşdırır və təşkil edirsiniz? Yeni videolar yaradarkən nədən ilham alırsınız?

- Ağlıma bir ssenari gələn kimi, dərhal yazmağa başlayıram. Rolları və effektləri diqqətlə planlaşdırıram, bəzən rəngarənglik məqsədilə pariklərdən istifadə edirəm. Videoları əyani göstərmək üçün hətta müxtəlif lampalar da alırdım. Musiqi də mənə ruh verir. Musiqi dinləyərkən qəmli mahnılarla yanaşı, çox vaxt beynimdə təsəvvür etdiyim ssenarilər üçün ideyalar da yaranır.

- Bloqunuzun əsas fəaliyyət sahəsinə çevrildiyini nə vaxt anladınız?

- Böyük şirkətlərdən təkliflər gəlməyə başlayanda. İndi mən ssenarilər yazıram və videolara çəkilirəm, həm də onları redaktə edirəm, çünki hər kəs beynimdə təsəvvür etdiyim şəkildə bunu yerinə yetirə bilmir.

- Sizcə, uğurunuzun sirri nədədir?

- Uğurumun sirri daimi inkişafda, yeniliyə açıq olmaqda və yaxınlarımın dəstəyindədir. Qarşıma böyük məqsədlər qoyuram və çətinliklərdən qorxmuram.

- Ləman, yaxın 5 ildə bloqunuzu necə inkişaf etdirməyi planlaşdırırsınız?

- Səyahət videoları çəkməyi planlaşdırıram, eyni zamanda, yeniliklər əlavə etməklə cari məzmun yaratmağa davam edəcəyəm.

- Ölkəmizdə blogerliyin vəziyyətini necə qiymətləndirirsiniz?

- Əvvəllər buna skeptik yanaşsalar da, ölkəmizdə blogerlik gündən-günə inkişaf edir və populyarlaşır.

- Sizcə, 10-15 ildən sonra blogerlik necə olacaq?

- Çox şey dəyişəcək, bəlkə də yeni texnologiyalar hesabına blogerlərin sayı da az olacaq. Bununla belə, bu sahədə irəliləyişlərin davam edəcəyinə inanıram.

- Yeni başlayan blogerlərə hansı məsləhətləri verərdiniz?

- Kameradan utanmayın, tənqiddən qorxmayın. Öz üzərinizdə işləyin, özünəinam hissini möhkəmləndirin, özünüzün və izləyicilərinizin zövq alacağı məzmunlar yaradın.