“Könüllülər hərəkatı fotoqrafların gözü ilə” Mədəniyyət

“Könüllülər hərəkatı fotoqrafların gözü ilə”

Fevralın 8-də 2 saylı Bakı "ASAN xidmət" mərkəzində "ASAN Könüllüləri" Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə "Könüllülər hərəkatı fotoqrafların gözü ilə" I ümumrespublika açıq fotosərgisi keçirilib. Tədbirdə fotosərgi barədə geniş məlumat verilib. Bildirilib ki, sərginin əsas məqsədi könüllü hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələrini fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etdirməkdir.
Vurğulanıb ki, fotosərgidə 15 fotoqrafın - Emin Əlizadə, Elnur Abdulla, Elbrus Musayev, Bağman Piriyev, İlkin Salifov, Nurlan Tahirli, Ayaz Mikayılzadə, Pəri Arifqızı, Süleyman Süleymanlı, Tural Cəfərov, Vüqar İbadov və Elmar Əzimli tərəfindən çəkilmiş 34 fotoşəkil nümayiş olunur. Könüllü hərəkatına həsr edilmiş və ilk dəfə keçirilən fotosərgi ASAN Könüllülərinin fəaliyyəti ilə məhdudlaşmır. Eyni zamanda, Formula 1, "Eurovision", Beynəlxalq Bakı Şahmat Olimpiadası, "Bakı-2015" İlk Avropa Oyunları könüllülərinin fotoları sərgilənir.
Bir ay davam edəcək sərgidə iştirak edən fotoqraflar "ASAN Könüllüləri" Təşkilatının və Azərbaycan Fotoqrafları Birliyinin müvafiq diplomları ilə mükafatlandırılacaq. Sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə edilən və könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədilə Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan "Könüllülük: Uğurun formulu" kitabının da təqdimatı keçirilib.