Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb Mədəniyyət

Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb

Azərbaycan Dövlət Kukla Teatrında “Meksika kuklaları” adlı fotosərgi açılıb.

Xalqcebhesi.az xəbər verir ki, tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero layihəni iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından önəmli addım kimi dəyərləndirib.

“Biz hər zaman mədəniyyəti xalqları birləşdirən körpü hesab etmişik. Bu sərgi çox maraqlı və əhəmiyyətlidir. Bu günün əsas mövzusu Meksika kuklalarıdır. Hesab edirəm ki, uşaqlar üçün də çox maraqlı və öyrədici tədbirdir,” – deyə səfir əlavə edib.

Sərginin müəllifi, rəssam Aydın Sadıqov tədbirin ideyasının təqribən üç il əvvəl yarandığını deyib: “Meksikadan əvvəl Çexiyanın kukla sənəti ilə maraqlanmışam. Meksikanın qədim tarixi və simvolikasını bu kuklalar vasitəsilə təqdim etmək maraqlı təcrübədir. Burada döyüşçüləri, inancları və emosiyaları əks etdirən fiqurlar yer alıb”.

Teatrın mətbuat katibi Həmidə Rüstəmova vurğulayıb ki, kukla teatrı xalqların mədəni irsinin qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, müxtəlif ölkələrin milli mədəni irsinin öyrənilməsində və tamaşaçılara təqdim olunmasında bu sənətin rolu danılmazdır.

Milli Məclisin deputatı, Azərbaycan - Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva sərginin ölkələrarası mədəni əməkdaşlığa xidmət etdiyini qeyd edib. “Bu, Meksika səfirliyinin növbəti uğurlu layihəsidir. Belə təşəbbüslər hər iki ölkənin qədim incəsənətinin tanıdılmasına və münasibətlərin möhkəmlənməsinə xidmət edir. Kukla Teatrı isə öz missiyasına uyğun olaraq bu cür layihələri uğurla reallaşdırır”,- deyə deputat əlavə edib.

Daha sonra Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə səfirliyə xatirə hədiyyəsi təqdim edib. Səfirlik isə teatr rəhbərliyinə xalça və sertifikat bağışlayıb.

Tədbir çərçivəsində məktəblilər Meksika mədəniyyətinə uyğun rəqs nümunələri göstəriblər.

Sonda qonaqlar sərgi ilə tanış olublar