
Türkiyənin Ukraynaya qoşun yeritməyə hazır olduğu açıqlanıb
23 Avqust 19:42
Sabir Rüstəmxanlının “Atamın ruhu” adlı kitabını oxuyuram. Bu kitabda xalq şairi atası Xudu kişinin ömrünün son günləri ilə bağlı xatirələrini əbədiləşdirib. Kitabda eyni zamanda o ərəfələrdə ölkədə baş verən müəyyən hadisələrə də yer verilib...
Müəllif yazır: “Mənə elə gəlirdi ki, son saatlarında onu bu dünyanın işlərindən çox, gedəcəyi dünyanın işləri düşündürürdü. Bu dünyadan çətin-asan gəlib keçmişdi, ömrü yola salmışdı. Bu ömrün bəhrələri – yüzə yaxın övlad və nəvə-nəticə, öz bacı-qardaşları və onların uşaqları yanındaydı. Onlardan həmişə gördüyü məhəbbətin böyüklüyünü bir daha hiss edirdi, dal gündən elə bir rahatsızlığı yox idi. İndi əsas məsələ axirətə hazırlıqdı, o dünyayla ləyaqətli görüşdü. Onunla keçirdiyim günlərin hətta ən ağırının da yadımda olduğunu, mənim üçün əziz xatirəyə döndüyünü də ehtiyatla, dolayı yollarla bildirmək istəyirdim. Başqa vaxtlarda belə yumşaq, kişinin ürəyini üzən, qolunu boşaldan söhbətləri yaxın qoymazdı. Bizim münasibətlərimiz sərt, sentimentallıqdan uzaq, amma dərin bir istəyə söykənir. Buna görə də qalıb-qalıb belə vəziyyətdə illərlə etiraf etmədiyim duyğuları açıqlamaq, kövrək xatirələrə qayıtmaq, sarı sim üstə köklənmək düzgün anlaşılmaz, birdən-birə belə yuxalmağın nədənini kişi əlüstü hiss edər, yüngüllük gətirməkdənsə, onun üçün əlavə suallar doğururam. Bunu bilə-bilə hərdənbir zarafatla köhnə günlərin bəzi hadisələrini xatırladıram. Atamın yarıyumulu gözləri açılır. Baxışları sanki çox-çox uzaqlara dikilir. Sonra elə bil üzü tutqunlaşır və sakit-sakit münasibətini bildirir: Daha onların nəyini xatırlayırsan. Olub keçdi... Bəli, olub keçdi... Böyük bir ailəni saxlamaq üçün gecə-gündüz çalışan iri əllər ağ üzlü yorğanın üstünə düşüb. Qollar arıqlayıb. Bir vaxtlar mənə dünyanı qucarcasına enli görünən sinəsinin sümükləri çıxıb. Təkcə günəşdə yanmış dərisi yenə də cavan adamın dərisi kimi sağlam, təmiz və parlaqdır. Saqqalı son günlərdə daha da ağarıb, uzanıb, sifətinin arıqlığını sezilməz edib. Nəsilliklə saqqalları çənədən qırmızı rəngə çalır. Bir vaxtlar sataşırdım: “Qağa, sizin hamınızın saqqalı peyğəmbər saqqalına bənzəyir". Sonra bu qızılı xətt ağarır və bu ağlıq tədricən bütün saqqalını bürüyür. Səliqə ilə daranan cod tüklər o qədər “diridir” ki, bu bədənlə birgə torpağa tapşırılacağına inanmaq olmur. Kip sıxılan dodaqlarında qəribə bir uşaq təbəssümü var. Üzün ayrı cizgilərini, yumulu gözlərin qırışlarını nəzərə almasan, bu dodaqların sahibini dünyanın hər işindən razı bir adam sayarsan. Atamın bütün dözümü, mərdliyi, ölümlə əlbəyaxa anlarının dəyanəti dodaqlarında əks olunub...”
Kitabı oxuduqca həm müəllifin qələminin səmimiyyətinə və həm də ata-oğul məhəbbətinin saflığına heyran qalıram. Axı, bu hislər çoxumuza tanışdır, doğmadır...
Yeri gəlmişkən, çoxdandır Sabir Rüstəmxanlıdan xəbər yoxdur. Görəsən, gələn il səksən yaşını qeyd edəcək xalq şairi necədir? Allah ömrünü uzun, canını sağlam, əhvalını xoş eləsin!..
Elman Eldaroğlu