Azərbaycan musiqisi dünyada məşhur “Carnegie Hall”da səslənib Mədəniyyət

Azərbaycan musiqisi dünyada məşhur “Carnegie Hall”da səslənib

ABŞ-ın Nyu-York şəhərinin dünyada məşhur “Carnegie Hall” konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan 9-cu “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsinin qaliblərinin qala-konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Konsertdə müsabiqədə seçilən 50-dən çox istedadlı gənc orkestrlə birgə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib, Üzeyir Hacıbəylinin yaradıcılığından parçalar səsləndiriblər. ABŞ-da fəaliyyət göstərən azərbaycanlı pianoçu, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədovun, Azərbaycandan yarışmaya qatılan gənc musiqiçi Milana Nabiyevanın, fleyta ifaçısı Emili Məmmədova-Zəkiyyənin çıxışları alqışlarla qarşılanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edərək qalibləri təbrik edib, Azərbaycan musiqisinin dünyada tanıdılmasında xüsusi rol oynayan müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunub.

Qala-konsertdə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqına təbriklər ünvanlanıb.

Qeyd edək ki, “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsis olunub. Müsabiqənin təsisçiləri ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil və mədəniyyət komitəsinin direktoru, tanınmış incəsənət xadimləri Cövdət Hacıyev və Əminə Dilbazinin qızı Pərvin Muradova, eləcə də Assosiasiyanın prezidenti Töhfə Eminovadır. Hər il Assosiasiyanın təşkilatçılığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçiləri üzə çıxarmaq və Azərbaycanın zəngin musiqi irsinin təbliğinə töhfə verməkdir.