11:57
287
Prezident İlham Əliyevin həyata keçirdiyi milli mədəniyyət siyasətinin mərkəzində mədəni dəyərlərimizin qorunması, təbliği və gənc nəslə aşılanması dayanır. Azərbaycan həm maddi, həm də qeyri-maddi mədəni irs baxımından olduqca zəngin bir ölkədir və bu, təkcə sözlə deyil, beynəlxalq təşkilatların rəsmi siyahılarında da öz əksini tapır. Məsələn, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında Azərbaycan 193 ölkə arasında 23 irs nümunəsi ilə 5-ci yerdə qərarlaşıb. Bu fakt ölkəmizin ərazi və əhali baxımından kiçik olmasına baxmayaraq, mədəniyyət sahəsində dünyada bir çox ölkələri geridə qoyduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov “Həmkarlarla 120 il” yubiley tədbirində söyləyib.
O bildirib ki, milli mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri isə Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın yenidən bərpasıdır. Artıq dörd ildir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu həmin ərazilərdə tarixi tədbirləri yenidən canlandırır, ümumilikdə ölkə miqyasında mədəniyyətin qorunması və təbliği istiqamətində geniş layihələr həyata keçirir.