Pakistanlı nazir: Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində atdığı addımlar və mədəni əməkdaşlığa verdiyi töhfə təqdirəlayiqdir Mədəniyyət

Pakistanlı nazir: Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində atdığı addımlar və mədəni əməkdaşlığa verdiyi töhfə təqdirəlayiqdir

Azərbaycanın bu mühüm tədbirə ev sahibliyi etməsi Pakistanı qardaş ölkə kimi həqiqətən qürurlandırır. Bakı bu gün İslam dünyasının mədəni, yaradıcı və intellektual görüş mərtəbəsinə çevrilərək, qarşılıqlı əməkdaşlığımıza yeni nəfəs verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Khan Khichi deyib.

O qeyd edib ki, Pakistan, İslam həmrəyliyinin güclənməsinə və ortaq mədəni dəyərlərimizin təşviqinə xidmət edən bu kimi təşəbbüslərdə hər zaman fəal iştirak etməyə hazırdır. “Biz bu platformanı sadəcə festival deyil, İslam dünyasında mədəni yaxınlaşma, yaradıcılıq mübadiləsi və strateji əməkdaşlıq üçün mühüm imkan kimi görürük. Bu tədbir bir daha nümayiş etdirir ki, ortaq tariximiz, mədəni köklərimiz və dini birliyimiz bizləri təkcə simvolik deyil, real tərəfdaşlıq ruhu ilə birləşdirir. Bu birliyin davamlı möhkəmlənməsi üçün Pakistan olaraq bütün səviyyələrdə əməkdaşlığa sadiq olduğumuzu xüsusi vurğulamaq istəyirik.

Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində atdığı addımlar, habelə regional və qlobal miqyasda mədəni əməkdaşlığa verdiyi töhfə təqdirəlayiqdir. Biz bu səmərəli fəaliyyətin davamlı olacağına və İslam dünyasının mədəni identikliyinin daha da güclənməsinə xidmət edəcəyinə inanırıq”,-deyə nazir əlavə edib.