Azərbaycan Prodüserlər Gildiyası beynəlxalq kino təşkilatına üzv qəbul edilib Mədəniyyət

Azərbaycan Prodüserlər Gildiyası beynəlxalq kino təşkilatına üzv qəbul edilib

Azərbaycan Prodüserlər Gildiyası (APG) rəsmi olaraq dünyanın ən nüfuzlu kino təşkilatlarından biri olan FİAPF-a (Beynəlxalq Kino Prodüserləri Assossasiyaları Federasiyası) tamhüquqlu üzv qəbul edilib.

Bu barədə AGP-nin sədri Müşfiq Hətəmov deyib.

O bildirib ki, üzvlük 1 yanvar 2026-cı il tarixindən rəsmi şəkildə aktiv olacaq.

“Azərbaycan Prodüserlər Gildiyasının FİAPF-a qoşulması Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanınması və mövqeyinin güclənməsi istiqamətində atılan strateji addımdır. FİAPF-a üzvlük Azərbaycan prodüserlərinin işini beynəlxalq standartlara uyğunlaşdırmaq və onları qlobal kino bazarına inteqrasiya etmək üçün geniş imkanlar açır. Bu, həm prodüserlərin hüquqlarının daha etibarlı qorunması, həm də yerli kino layihələrinə xarici investisiyaların cəlb edilməsi, beynəlxalq koprodüksiya layihələrində iştirakın artırılması baxımından tarixi əhəmiyyətə malikdir. Azərbaycan kinosu artıq dünyanın aparıcı kino ölkələri ilə bir platformada təmsil olunur", - o deyib.

Müşfiq Hətəmov qeyd edib ki, Azərbaycan Prodüserlər Gildiyası yeni statusdan istifadə edərək müəllif, prodüser hüquqları və kino istehsalı ilə bağlı beynəlxalq qanunvericilik sahəsində təkmilləşdirmələrə nail olmaq; FİAPF şəbəkəsi vasitəsilə Azərbaycan kinosunu xarici prodüserlərə, distribyutorlara və investorlara daha fəal şəkildə tanıtmaq istiqamətlərdə fəaliyyətini gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, Gildiya Azərbaycanın aparıcı kino və televiziya prodüserlərini özündə birləşdirən ictimai birlikdir.

Təşkilatın əsas məqsədi üzvlərinin hüquqlarını qorumaq və maraqlarını müdafiə etmək, yerli audio-vizual sənayenin inkişafına dəstək vermək, audivizaul sahədə beynəlxalq əməkdaşlığı təşviq etməkdir. FİAPF 1933-cü ildə təsis olunub. Hazırda 31 ölkədən 38 üzv təşkilatı təmsil edən qeyri-kommersiya təşkilatıdır. Təşkilat kinoprodüserlərin maraqlarını qoruyur, beynəlxalq kino festivallarını akkreditasiya edir (məsələn, Kann, Berlin, Venesiya və s.) və kino sənayesində etik və peşəkar standartları müəyyənləşdirir.