Merilin Monro və Bakı neftçiləri İrina Eldarovanın tablolarında Mədəniyyət

Merilin Monro və Bakı neftçiləri İrina Eldarovanın tablolarında

Merilin Monro və Bakı neftçiləri. İlk baxışdan onları heç nə birləşdirmir. Məşhur Amerika aktrisası heç Bakıda da olmayıb, heç kabrioletdə alabəzək şərfini yel aparanda belə bu avtomobili sürətə gətirən o sehrli mayenin harada, necə əldə edildiyi barədə də düşünməyib. Ancaq bu gün Rusiya Rəssamlıq Akademiyasındakı Zurab Seretelinin İncəsənət Qalereyasında sərgilənən tablolarda Merilin mərd və cəsur, əlləri qabar bağlamış zəhmli, eyni zamanda, da xeyirxah və bəzən də kövrək qəlbli Bakı neftçiləri ilə birlikdə əks olunur. Azərbaycanın Əməkdar Rəssamı İrina Eldarovanın "Qızlar neftçiləri seçir" adlı rəsm sərgisinə gələnlər əbədi mövzuya – qadın zərifliyi və kişi mərdanəliyi mövzusuna, yeni, çox maraqlı prizmadan baxıblar.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Moskva sənətsevərlərinə təqdim olunan "Qızlar neftçiləri seçir" ekspozisiyasını müəllif 1960-cı illərin Amerika kino ulduzu Merilin Monronun obrazından ruhlanaraq yaradıb. Özünün də dediyinə görə, dünyada incəlik və lətafət simvolu sayılan Merilinin fonunda Azərbaycan neftçiləri əsl mərdanəlik mücəssəməsidirlər.
Sərginin açılışında çıxış edən Azərbaycanın Moskvadakı səfirliyinin nümayəndəsi Nigar Axundova müəllifin yaradıcılığı barədə ətraflı məlumat verib. O qeyd edib ki, İrina Eldarovanın "Qızlar neftçiləri seçir" adı altında toplanan rəsmlərinə sadəcə baxıb keçmək kifayət etmir, onların dərin sətiraltı mənasını sezmək, müəllifin fikirlərini duymaq lazımdır. N.Axundova sərgidə təqdim olunan əsərlərin rəng parlaqlığı, məna dərinliyi ilə seçildiyini diqqətə çatdırıb. "Sərgi təsadüfən belə adlandırılmayıb: qızlar neftçiləri seçirsə, deməli əsl kişiləri seçirlər", - deyə Nigar Axundova vurğulayıb.
Dəfələrlə ölkəmizdə olduğunu deyən, bu şəhərə valehliyini gizlətməyən Moskva Müasir İncəsənət Muzeyinin direktoru Vasili Sereteli isə İ.Eldarovanın əsərlərində Bakının ruhunu hiss etdiyini, Azərbaycan incəsənəti ilə təmasdan zövq aldığını bildirib.
Açılış mərasimində Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Toğrul Bağırov, Moskva Müasir İncəsənət Muzeyinin direktor müavini Yelena Sereteli və başqaları İrina Eldarovanın yradıcılığından danışıb, ona sənət uğurları arzulayıblar.
Dekabrın 3-dək davam edəcək sərgidə müəllifin son illər yaratdığı rəngkarlıq və installyasiya janrında işlənmiş rəsmləri ilə yanaşı, 1990-cı illərə aid bir neçə tablosu da nümayiş etdirilir.
İrina Eldarova Moskvada doğulub, Repin adına Rusiya Dövlət Rəssamlıq Akademiyasının və Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. Azərbaycanın Xalq Rəssamı Ömər Eldarovun oğlu, mərhum rəssam Müslüm Eldarovla ailə həyatı qurduqdan sonra Bakıya köçüb və artıq 30 ildir Azərbaycanda yaşayıb yaradır.
Onun əsərləri Moskva Tretyakov Qalereyası, Bakı Müasir İncəsənət Muzeyi və digər sənət ocaqlarının kolleksiyalarında saxlanılır. İrina Eldarova "Ənənələr və müasirlik" Beynəlxalq Fotosərgisinin təşkilatçısıdır. Onun əl işi olan mərmər pannolar Bakı metropoliteninin "Xalqlar dostluğu" stansiyasını bəzəyir.