
Səlcuqlu İmperiyasının ən önəmli və ən nüfuzlu bəyi (Uçbey) olan Hüsaməddin Çobanoğlu (Atabəy Qazi) XIII əsrdə, yəni təxminən 800 il əvvəl bu coğrafiyanı bizə vətən edən ilk bəylərimizdəndir. O, Əmir Qara Təkinin soyundandır.
Atabəy Qazinin nəvəsi Muzaffərəddin Yavlak Arslan 1280–1292-ci illərdə Çobanoğlu Bəyliyinə hökmranlıq edib. Atabəy Qazi, Alp Yürək və Yavlak Arslan dövrlərində bu torpaqlar dinc, müharibəsiz, elm və irfan yuvası olub.
Yavlak Arslan bugünkü İran (Təbriz) Azərbaycan və Özbəkistan (Buxara) torpaqlarında yaşayan elm və irfan sahibi təhsilli alimləri Kastamonuya dəvət edərək onlara hüzurlu və sakit bir mühitdə araşdırma və çalışma imkanı yaradıb.
Səlcuqlu və Osmanlı dövrlərində müxtəlif peşə sahələrinə aid tam 17 mədrəsənin fəaliyyət göstərməsi bu bölgənin nə qədər elm və irfan sahibi olduğunu açıq şəkildə göstərir.
1885-ci ildə dövrün valisi Abdurrahman Paşa tərəfindən Anadolunun ilk liseyi olan Kastamonu İdadi Məktəbi yaradılıb, sonradan Kastamonu Sultanisi və bu gün Abdurrahman Paşa Liseyi adı ilə tanınan bu təhsil ocağı elm və maarif sahəsinə mühüm töhfələr verib.
Abdurrahman Paşa Liseyinin çox dəyərli ədəbiyyat müəllimləri şəhərin və bölgənin mədəniyyətinə, ədəbiyyatına və sənətinə qızıl dəyərində töhfələr veriblər. Bunların arasında Arif Nihat Asya, Orhan Şaik Gökyay, İsmail Hakkı Uzunçarşılı və milli şairimiz Mehmet Akif Ersoy kimi önəmli şəxslər tələbələrin təhsilinə böyük dəstək olub, milli şüurun formalaşmasına əhəmiyyətli təsir göstəriblər.
Atabəy Qazi və ardından Muzaffərəddin Yavlak Arslan ilə başlayan, daha sonra Abdurrahman Paşa Liseyinin qiymətli elm və irfan sahibi müəllimləri ilə davam edən bu mədəniyyət və ədəbiyyat yolçuluğu zamanla bir qədər arxa plana keçsə də, bu dəyərləri yaşadan insanlar bu gün də var.
Bir müddətdir Kastamonunun tarixi və mədəniyyəti ilə bağlı araşdırmalar aparan bir qrup dəyərli insan çıxardıqları “Köşe Taşı” və “Kastamonu Tarihi Araştırmaları” jurnalları ilə keçmişin tozlu rəflərində qalan mədəni və ədəbi dəyərlərimizi yenidən üzə çıxarmağa çalışırlar.
Kastamonu Valiliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr müdiri Hamdi Nalbantın rəhbərlik etdiyi Kastamonu Mədəniyyət və Ədəbiyyat Dərnəyi çətiri altında, eynilə 800 il əvvəl başlayan və Abdurrahman Paşa Liseyinin dəyərli müəllim və ədibləri ilə davam edən ənənəni yaşatmaq üçün böyük səylər göstərilir.
Bölgəyə əlavə dəyər qatacağına inandığım bu seçkin dərnəyin Ədalət küçəsində yerləşən məkanının açılışı oldu. Şəhərin dəyərli protokol üzvləri kimi tədbirə mən də dəvətli idim.
İl müftisi Bekir Derinin duası ilə açılışı olan dərnəyin iç məkanı içəri girər-girməz ayrı bir hüzur verir insana.
Açılış nitqində çıxış edən dərnək sədri Hamdi Nalbant dedi:
“Bölgəmizin mədəniyyətinə və ədəbiyyatına töhfə vermək, daha gözəl tədbirlər keçirmək üçün belə bir məkana ehtiyac var idi. Artıq bəhanəmiz qalmadı. Şəhər xaricindən dəyərli ədəbiyyatçıları, şairləri gətirib gənclərimizlə burada görüşdürəcəyik”. Bu sözləri ilə o, unudulmuş qədim mədəniyyətimiz və ədəbiyyatımız üçün sanki bir ümid işığı oldu.
Açılışda iştirak edən vali Meftun Dallı isə dedi: “Bu torpaqlardan çox önəmli şairlər, sənətkarlar və ədiblər yetişib. Yaxın tariximizin ən gözəl nümunəsi Abdurrahman Paşa Liseyinin müəllim və yazarlarıdır. Kastamonunun bu sahədəki mədəniyyətini və ədəbiyyatını daha da irəli aparmaq, bizdən sonrakı nəsillərə çatdırmaq üçün bu və buna bənzər mədəni fəaliyyətlərin hər zaman yanında olacağıq. Qədim Kastamonumuza xeyirli olmasını diləyirəm”.
Ney dinlətisi isə açılış iştirakçılarını mənəvi atmosferdə sanki keçmişə apardı.
Bəli, əziz oxucular!
Bugünkü məqaləmizi mədəniyyət və ədəbiyyat mövzusuna həsr etmək istədik.
Bu torpaqlarda təxminən 800 il əvvəl başlayan mədəniyyət və ədəbiyyat fəaliyyətləri bu gün Kastamonu Universiteti başda olmaqla, tarixi Abdurrahman Paşa Liseyində və nəhayət Kastamonu Mədəniyyət və Ədəbiyyat Dərnəyində davam edəcək.
GÜNÜN SÖZÜ
“Həqiqi mədəniyyət ədəbiyyat və sənətdən doğur”.
İzzet Sarı,
Kastamonu-Türkiyə