Şumer mifologiyası:  şumer tanrılar panteonu - 9-cu yazı  Mədəniyyət

Şumer mifologiyası:  şumer tanrılar panteonu - 9-cu yazı 

Dünyanın və insanın yaranması

Mələklər özləri də bir-birini qardaş sayırdılar. Ağır işlər görüb bezdikdə mələklərin ağsaqqalı öz yoldaşlarına “qardaşlarım” deyə üz tutmuşdu. Bu məqamları ona görə xatırladıram ki, onlarda insanın yaranmasının çox incə sirləri gizlənib. Bunlar yeri gəldikcə öz-özünə çözələnəcək. İndi görək tanrılar yığışıb nə qərara gəldilər?
Enlil xaraktercə davakardı, biz bunu onun bütün əməllərində görürük. Hətta Tufanı da o törədib, bütün insanları o məhv edib. Burda da eyni fikrə düşür, mələkləri öldürmək istəyir, An da, Enki də onunla razılaşmırlar. Mələklərə doğrudan da ağır işlər tapşırdıqlarını, əslində onlara işgəncə verdiklərini boyunlarına alırlar. Axı mələklər çox zərif, çox incə varlıqlardı, onların gördükləri işlər mələk işi deyil. Enlil davakarlığından dönmək istəmir və deyir:

Çağırtdırdı Anı da,
göydən endi yanına,
Gözlərinin önündə
Enki baxırdı ona.
Oturdu aşağı An
bu göylərin yiyəsi.
Qulaq kəsildi Enki-
o Absunun yiyəsi
Böyük Annunaklar da
oturdular sırayla,
Danışdı bu mətləbdən
Enlil qalxıb harayla.
Enlil açdı sandığı,
tökdü pambığı necə,
O böyük tanrılara
söylədi bax beləcə:
“Burda nələr baş verir,
mat qalmışam bu işə,
İndi mən atılmalı
deyiləmmi döyüşə?!
Nələr görür gözlərim,
inana bilmirəm mən,
Kəsib mənim qapımı
dava gəlib indidən.

An Enlili sakitləşdirir, o atasının tapşırığıyla Nuskunu mələklərin yanına göndərir ki, onların dərdini öyrənsin. Nusku öyrənir ki, onların bircə dərdi var- ağır işlərdən beziblər, o çətinliklərə daha dözmürlər. An da, Enki də mələklərin işinin ağır və dözülməz olduğunu təsdiqləyirlər.

“An açaraq ağzını,
qəlbində bir xoş dilək,
Tanrı qardaşlarına
nələr söylədi görək:
Niyə, niyə onlara
pislik etməliyik biz?
İşləri lap ağırdı,
əzabları böyükdü,
Hər gün zənbil daşımaq
onlara ağır yükdür.
Ahlarını eşidir,
Göz yaşlarını görrük.
Yaratsın insanı öz
ulu nənəsi gərək,
Tanrıların yükünü
biz də onlara verək.

İnsanın yaranması ilk dəfə burda ortaya çıxır. Ata tanrı An insanın ulu nənəsini yada salır. Deməli, insanı yaratmaq problemi yoxdur. Onun ulu nənəsi var, qadın var, ana var. Əsərdə həmin “ulu nənə”, insanı yaradacaq ana Nintudur. Onu çağırır və insanı yaratmağı tapşırırlar:

Enki açdı ağzını
qəlbində bir xoş dilək,
Tanrı qardaşlarına
nələr söylədi görək:
Niyə, niyə onlara
pislik etməliyik biz?
“İşləri lap ağırdı,
əzabları böyükdü,
Hər gün zənbil daşımaq
onlara ağır yükdü.
Ahlarını eşidirik,
göz yaşlarını görrük.
Dursunlar qabağında
qoy Annunaklar yenə,
Tanrıların nənəsi
Nintu çıxsın qoy önə.
O yaratsın insanı,
yaratsın qoyun görək,
Tanrıların yükünü
biz də onlara verək.
Tanrılar görən işi
tapşıraq insanlara.
Qoyun insanlar çəksin
boyunduruğu daha
İnsanların nənəsi
Nintu öndə duranda
İnsanların nənəsi
insanı yaradanda,
Tanrıların zənbilini
daşıyarlar insanlar.”
Qışqırıb çağırdılar
tanrı ananı onlar,
Allahlar mamaçası
o ağıllı Mamanı:
“Ay insanın nənəsi,
yarat, yarat insanı!
Yarat insanı, verək
ağır yükləri ona,
Enlilin tapşırdığı
işi çəksin boynuna:
Daşısın tanrıların
zənbilini insanlar!

Ən maraqlısı odur ki, Nintu insanı yaratmağa razı olur, ancaq onu təkbaşına yarada bilməyəcəyini söyləyir. O, “insanı yalnız Enki ilə birlikdə yarada biləcəyini” vurğualyır. Nintu qadındı-anadı! Enki kişidi-atadı! Deməli, insan bic deyil, anası da var, atası da:

Nintu açdı ağzını
qəlbində bir xoş dilək,
O, böyük tanrılara
necə söylədi görək:
“İnsanı təkbaşına
yarada bilmərəm mən,
Lakin Enkiylə birgə
gələrəm öhdəsindən.

Bu kiçik parçada insanın ata və ana başlanğıcından yarandığı öz aydın ifadəsini tapıb. Doğrudur, poemanın sonrakı parçalarında insanın gildən-palçıqdan yaradıldığı vurğulanır, ancaq orda çox gizli, örtülü saxlanmış bir mətləbə göz yummaq olmaz. Bu da ondan ibarətdir ki, Nintu tanrılardan birinin qanını gillə yoğurur və insanın mayası tanrı qanı ilə gildən qoyulur. Tanrı qanı burda geni bildirir: İnsan tanrı qanından, tanrı genindəndi. Gil məncə, ana bətnini ifadə eləyir. Buna poemanın sonrakı parçlarında rast gəlinir. Yoğrulmuş palçıq, mayalanmış rüşeymdən başqa bir şey deyil. O doqquz ay, doqquz gün ana bətnində qalır, böyüyür və bu da uşağın ana bətnində qaldığı müddətə tam uyğun gəlir. Bəs gilin sirri nədədi? Niyə məhz gil?
Poemanın başlanğıcında mələklərin Enlilə qarşı necə qəzəbləndiklərini, üsyan, hətta qiyam qaldırdıqlarını gördük. Mələklər tanrıların öz övladlarıdır, onlar ağır işlərə, əzab-əziyyətlərə dözməyib öz atalarından-Enlil-dən intiqam almağa qalxırlar. İndi həmin ağır işlər, əzab-əziyyətlər boyunduruq kimi insanların boynuna taxılacaq. İnsan tanrı övladı olduğunu bilsə, o da sabah qiyama qalxacaq. Bax bu qiyamın baş verməməsi üçün tanrılar insanın guya gildən yarandığını önə çəkiblər. Lakin poemada təkcə o gildən yoğrulma səhnəsini bir kənara qoysaq, insanın elə bu gün bizim bildiyimiz qaydada ana bətnində mayalanmağından tutmuş doğu-luşuna qədər hər şeyi aydın şəkildə təsvir edilmişdir. Gildən yoğrulma ana bətnində mayalanmanın obrazlı, poetik ifadəsindən başqa bir şey deyil.
Misir miflərindən danışan R.Antes yazırdı ki, insanlar çox vaxt tanrıların övladı hesab edilmişdir. O, insanın gildən düzəl-dilməsi haqqındakı Misir mifinə belə münasibət bildirmişdi: “İnsanların tanrı Xiuma tərəfindən ayrı-ayrılıqda gildən yaradılması haqqında təsəvvürləri sonrakı dövrlərə aiddir və kosmo-qonik deyil, yəni bu ilk insanın gildən yarandığını nəzərdə tutmur”. Bizə elə gəlir ki, Şumer miflərindəki gil də sonradan artırılmışdı. İlk miflərdə gil olmamışdı.
“Enki və Ninmah” əsatirində də insanların tanrılara qulluq etmək üçün yaradıldığını görürük. Bu mifdə də ilk insanı Ninmah düzəldir və Enki onun taleyini müəyyənləşdirir. Şumer mifinə görə, ilk dəfə yeddi kişi və yeddi qadın yaranıb. Sonra onlar cüt-cüt evlənmişlər və görünür, onlardan hərəsi bir tayfanın başlanğıcını, əsasını qoyub. Poemada insanın doğulması da bədii boyalarla verilmişdir. Lakin bu boyalar həqiqi mənzərəni gizlətmək yox, daha gözəl ifadə etmək məqsədilə seçilmişdir. Aşağıdakı parça bunu aydın göstərir:

Doğacaq tanrıları
bir yerə toplayaraq,
Nintu özü oturub
günləri sayırdı bax.
Taleyi gözləyirdi-
tale o doqquz aydı.
Elə ki gəlib çatdı
o doqquzuncu ay da
Qoyulmuş həmin vaxtda
qucaqlar da açıldı,
Sevinc işıq saçırdı,
şadlıq işıq saçırdı.
Başını bağlayaraq,
mamaçalıq edirdi
Belini sarıyaraq
xeyir-dua verirdi.
Nintu unu da səpdi,
kərpicləri də qoydu.
“Bunu özüm yaratdım,
öz əllərim yaratdı.
Mamaça gəlib kahin
qızın evinə çatdı.
Doğmağa başlayarlar
o vaxt boylu qadınlar
Yükünü yerə qoyub
azad olarlar onlar.
Doqquz gün qabağına
mütləq kərpic qoyarlar
İnsanların nənəsi
Nintunu da öyərlər.
Onun bacısı tanrı
Mamanı çağırarlar,
Mamanı da öyərlər,
Keşi də uğurlarlar.
Keş də arvad alanda,
qız da ərə gedəndə,
İştar şadlıq eləsin
qayınata evində.
Doqquz gün, doqquz gecə
bu şənlik də uzanar,
İştarı da İşxara
adıyla çağırarlar.
Hər taleyin adına
bir tarix yazılıbdı.

Bu parçada kişinin arvad alması, arvadın ərə getməsi, onların bir yastığa baş qoyması, uşağın ana bətninə düşməsi, doqquz ay, doqquz gün orda böyüməsi, boylu qadının öz yükünü yerə qoyması, bu doğumun şadlıqla, şənliklə keçirilməsi o qədər real bədii ifadəsini tapıb ki, elə bil poema beş min il öncə yox, lap bizim günlərdə yazılıb. Poema beş min il öncə yazıya alınsa da, onun tarixi daha qədimdir. Əsər yəqin ki, neçə min il də ağızlardan ağızlara ötürülə-ötürülə yaşayıb. Çünki yazı kəşf ediləndə bu əsərlər bizim oxuduğumuz şəkil-də yaddaşlarda mövcud olmuşdur. Bu cür bitkin, gözəl bir şəklə düşənə qədər də sözsüz ki, min illərlə yaddaşlarda cilalanma, püxtələşmə yolu keçib.
Poemadakı Mama adı çox maraq doğurur. Doğum işinə məhz o baxır, daha doğrusu, mamaçalıq edir. Dilimizdə işlənən mamaça sözü məhz onun adına “ça” sözdüzəldici şəkilçisi artırılmaqla yaranıb. Deməli, mamaça alınma yox, təmiz türk sözüdür. Doğumu tanrı İnannanın himayə etdiyi də öz əksini tapıb ki, bu digər Şumer qaynaqlarında İnannanın vəzifəsiylə üst-üstə düşür.
İnsanların yaranması və tanrılara qulluq etməsi ideyasının tarixi haqqında bir-birinə uyğun gəlməyən fikirlər söylənib. Məsələn, rus alimi İ.M.Dyakonov belə hesab edirdi ki, insanların tanrılara qulluq etməsi ideyası III Ur sülaləsinin hakimiyyəti dövründə ortaya çıxıb. İ.M.Dyakonov bu fikri ona əsasən söylə-mişdir ki, tanrılara qulluq etmək üçün insanın yaradılması haqqında miflər e.ə. 2000-ci ilin əvvəllərində yazıya alınmışdır. E.V.Antonova yazır ki, yazılı lövhələrin təhlili həmin ideyanın yazıya alındığı vaxtdan ən azı min il öncə aktual olduğunu göstərir. Tanrılara qulluq etmək üçün insanın yaranması ideyasının tarixi E.V.Antonovanın dediyindən də qədimdir. Hələ insan yaranmamış bu ideya ortaya çıxmışdır. İnsan məhz bu ideyanın əməli nəticəsi kimi yaradılıb. Halbuki III Ur sülaləsinə qədər Şumerdə çoxlu hakimiyyətlər dəyişmiş, biri digərini əvəz edib. İnsanı yaratdıqdan sonra tanrılar yüksək titulları özlərində saxlamışlar. Çar, kahin, başçı vəzifələrini insanlara çox-çox sonralar etibar etmişlər. İlk çarlar tanrıların özləri olmuşlar. Hər şəhərin öz himayəçi tanrısının mövcudluğu da həmin ənənənin davamıdır. Tanrının razılığı olmadan heç kəs çar taxtında otura bilməzdi. İnsanlar bütün sahələrdə tanrıların ardıcılları, davamçılarıdırlar. Onlar çarlıqdan tutmuş bütün işləri, sənət və peşələri tanrılardan öyrən-mişlər. İnsanlardan öncə əkinçiliklə, heyvandarlıqla, toxuculuqla, tikintiylə, suvarmayla və s. tanrıların özləri məşğul olmuşlar.

İslam Sadıq
filologiya üzrə elmlər doktoru