Novruz bayramı qaynaqlarda Mədəniyyət

Novruz bayramı qaynaqlarda

Bu sözün mənası yeni gündür

I yazı

"Novruz" - hərfi mənada yeni gün deməkdir. Ancaq ifadə etdiyi mərasim semantikasına görə keçidin bitdiyi və yeni nizamın başlandığı kosmosdur. "Novruz"a Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart doqquzu, Novruz və s. də deyilib. Türkiyədə "Novruz"a xalq içində "Gündönümü" və ya "Yılbaşı" deyilib.
"Novruz" anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir: Azərbaycan türkcəsində Novruz/Noruz, qırğız türkcəsində Nooruz, Özbəkistan türkcəsində Növroz, başqırd türkcəsində Nevruz, tatar türkcəsində Navruz, uyğur türkcəsində Noruz, çuvaş türkcəsində Naurus, Krım türkcəsində Nevrez, Qərbi Trakiya türkcəsində Mevris, qaqauz türkcəsində Babu Mata-Kürklü Marta və s. Burada "Novruz" anlayışının etimoloji mənası "yeni il-ilbaşı" deyil, "yeni gün" olduğu müəyyənləşdirilib.
"Yeni gün, Yengi kün, Yeni yıl, Yılbaşı, Yazbaş, Çağan Navrız, Ergenekon kimi 25-ə yaxın ad altında Şərqi Türküstandan Anadoluya, oradan Balkanlara qədər uzanan geniş bir coğrafiyada, təbiətin canlanması ilə birlikdə yenidən dirilmənin, birlik və bərabərliyin simvolu olaraq qeyd olunan "Novruz" Orta Asiya türk cümhuriyyətlərində XX əsrin əvvələrindən başlayarq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilib, unutdurulmağa çalışılıb, hətta yox sayılıb". Müstəqilliyin bərpa edən türk cümhuriyyətləri milli-mənəvi dəyərlərinə diqqəti artırıb və Novruz bayramını da yüksək rəsmi səviyyədə bayram etməyə başlayıb.
Qədim və orta əsrlərə aid bir çox yazılı qaynaqlarda "Novruz"la bağlı məlumatlara rast gəlirik. Amma "Novruz"un araşdırılması XIX əsrdən başlanır. Bu araşdırmalarda "Novruz"un genezisi və tipologiyası ilə bağlı mülahizələr geniş yer tutur. XIX əsrdə Novruz haqqında məlumata müxtəlif qaynaqlarda rast gəlinir. "Koroğlu" dastanını ilk dəfə kitabça halında Londonda ingilis dilində 1842-ci ildə çap etdirən dünya şöhrətli şərqşünas Aleksandr Xodzko da kitabın səhifələrindən birində "Novruz"un Zərdüşt tərəfindən icad edildiyini yazıb".
Qərb şərqşünası A.Mets özünün "Müsəlman intibahı" kitabında bu məsələ barədə yazıb: "Xalqın həyatında islamın təsirinin güclü olmadığını bayramlar sübut edir. Doğrudan da müsəlman ruhaniləri nə qədər çalışdılarsa, Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geydirməyə müvəffəq oldular. Xalq kütlələri bahar bayramı olan "Novruz"un qeyri-dini, azad xarakterini qoruyub saxladılar".
"Novruz"la bağlı araşdırdığımız qaynaqlarda Azərbaycanda "Qodu-qodu" mərasiminin keçirilməsi haqqında məlumatlara da rast gəlirik. "SMOMK" məcmuəsinin XIX əsrə aid olan buraxılışlarında "Qodu" (Dodu) mərasiminin keçirilməsi haqqında məlumatlar verilib. Burada verilən nəğmə nümunəsi belədir:

Dodu, dodunu gördünüzmü?
Doduya salam verdinizmi?
Dodu gedəndən bəri
Heç gün üzü gördünüzmü?

"Qodu" ilə bağlı mərasimdə söylənən yayğın mətn belədir:

Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan keçəndə
Qırmızı gün gördünmü?

XIX əsrdə Şəkidə toplanmış "Qodu" mərasiminə aid nümunə belədir:

Qodu, qodu dursana!
Çömçəni doldursana!
Qodunu yola salsana,
Allah!Allah!

XX əsrin əvvəllərində nəşr olunan "Füyuzat" jurnalının (1906-1907) 1907-ci il 15 mart sayında Əli bəy Hüseynzadənin "Novruzi-inqilab" adlı geniş həcmli məqaləsi nəşr olunub. Məqalədə Novruz bayramı o dövrün dünyada gedən aktual hadisələri kontekstində təhlil olunub. Bu məqalədə açıq şəkildə Novruzun İran mənşəli bir bayram olmadığı əsaslandırılıb. Məqalədə eyni zamanda Novruzun atəşpərəstliklə əlaqələndirilməsinin yanlış olduğu aydınlaşdırılıb. Əli bəydən gələn bu konseptual yanaşma sonrakı dövrün tədqiqatçıları tərəfindən davam etdirilib.
XX əsrin əvvəllərində çıxan bir sıra jurnallarda mərasim folkloruna aid nümunələr nəşr olunub. Bunların bəziləri M.H.Təhmasib tərəfindən yenidən nəşr edilib. Bunlardan "Məktəb" jurnalında nəşr olunmuş nümunələr diqqəti çəkir. "Jurnalın 8 və 9-cu nömrələrində "Əkinçi" imzası ilə bir hekayə verilib. Bu hekayənin içərisində "Qələndər, ay qələndər" oyunu yerləşdirilib".
Jurnalın 1914-cü il, 11-ci nömrəsində Məmmədağa Axundzadə "El sözləri" bağlığı altında məşhur "Kosa-kosa" mərasim nəğməsini çap etdirib ki, məlum vaxtlarla müqayisə əhəmiyyətini nəzərə alaraq eyni ilə buraya köçürürük:

Ay kosa-kosa gəlmisən
Gəlmisən meydanə sən.
Almayınca payını
Çəkilmə bir yanə sən.
Beş yumurta payındı,
Olmaya allanasan.
Mənim kosam oynayır,
Gör necə dingildəyir,
Qulaq asanların da
Qulağı cingildəyir.
Mənim kosam canlıdı,
Qolları mərcanlıdı,
Kosama əl vurmayın,
Kosam yazıq canlıdı.
Əmiri bərk başında,
Qələm oynar qaşında,
Yüz əlli beş yaşında
Lap cavan öldü kosa.

Jurnalda Ağa bəy İsrafilbəyovun hekayəsində bayramla əlaqədar olan "Gün çıx, çıx, çıx!" və "Mən anamın ilkiyəm" nəğmələri də verilib. T.Bayraməlibəyov- "heç bir din, sülalələrin dəyişməsi "Novruz"u sıradan çıxarmaq iqtidarına malik olmadı" - deyə yazıb.
Y.V.Çəmənzəminli "Novruz"u atəşpərəstliklə əlaqələndirib. O yazır ki, "xalqımız arasında "Novruz" bayramına bir ay qalmışdan başlayaraq çərşənbə axşamı vəsfi-hal kimi bir adət vardı. Qadın və qızlar toplaşaraq bir badya su qoyar və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan çıxarıb bir vəsfi-hal söyləyər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyət olar və niyyətinin baş verəcəyini və ya verməyəcəyini söylənən vəsfi-haldan duyardı". Müəllif sonra vəsf-hallara aşağıdakı nümunələri göstərir:

Ağlama, naçar ağlama,
Əlində haçar ağlama,
Qapını bağlayan Allah
Bir gün açar ağlama.

Oturmuşdum səkidə
Ürəyim səksəkədə.
Üç qızıl alma gəldi
Bir qızıl nəlbəkidə.

"Novruz"u bir tərəfdən dini bayram kimi dinlə bağlamağa, digər tərəfdən də onu padşahların, hətta əfsanəvi hökmdarların adı ilə əlaqələndirməyə cəhd göstərilib. Təbii ki, bunların heç biri "Novruz"un yaradıcısı deyil. "Novruz"un əsasları ibtidai mədəniyyət dövründə formalaşıb. Tədqiqatlarda göstərilir ki, "Bakı və onun qəzalarında yaşayan əhali qış fəslinin üçüncü ayı daxil olduqda ayın birinci çərşənbə gecəsini böyük bir bayram kimi qarşılayırlar. Bir ilin müddətinə üzərlərinə gələn bəlanı və gələcək bədbəxtlikləri rəf etmək üçün böyük tonqal qalayıb üzərindən yeddi dəfə atıldıqdan sonra xonçaların dövrəsində oturaraq aşağıda göstərilən nəğmələri oxuyurdular. Bununla özlərini bir ilin müddətində hər bəd bəladan uzaq olacaqlarına inanardılar.
Bir sıra tədqiqatlarda "Novruz"la Zərdüştlüyün oxşar və fərqli cəhətləri müqayisə edilib. Belə bir qənaət ifadə olunur ki, "Novruz" Zərdüştlükdən də çox qədimdir. Çünki "günəşin müqəddəs sayılması təbii odun müqəddəs sayılmasından əvvəldir".
Bəzi araşdırmalarda da türklərdə odun təmizləyici funksiyasının Atəşpərəstlikdəki müqəddəslikdən fərqli olduğu fikri irəli sürülür. Məsələn, azərbaycanlıların "Ağırlığım, uğurluğum, azarım-bezarım odlara" və s. buna bənzər deyimlərdə ifadə etdikləri fikirlər odun müqəddəs sayılması düşüncəsi ilə uyğun gəlmir. Bu da araşdırmaçılara imkan verir ki, türklərdə odun müqəddəs deyil, adi, təmizləyici, arındırıcı bir vəzifəni yerinə yetirməsi qənaətinə gəlsinlər. O da istisna olunmamalıdır ki, odla bağlı mərasim deyimləri mərasimin sakral məzmununun zəifləməsi ilə müqəddəslikdən uzaqlaşmağa, profanlaşmağa başlayıb. Bu da təbii ki, müasir düşüncənin praqmatik xarakteri ilə əlaqəli olub, ibtidai dövrün arxaik ritualından oyuna çevrilərək mövsüm mərasimində icra edilmiş və dövrün reallıqlarına uyğunlaşıb. Yəni müqəddəslik məzmunu ifadə edən mərasim deyimlərinin bir çoxu mərasimdən ayrılmış və ümumi nitqin alqış, öygü və tərif kimi nümunələrinə çevrilib.
Dövrümüzə qədər gəlib çatan nümunələrdə ritual rudimentlərini və mifin transformasiya olunmuş elementlərini müşahidə edə bilirik. Məsələn, qarı ilə qışın deyişməsi ibtidai düşüncəni əks etdirir. Çünki qarı qışı canlı bilir, onu canlı obrazında görür:

Qış gözünə barmağım,
Yaza çıxdı oğlağım.

Digər nümunələrdə isə qışın özü qarı obrazında təsəvvür olunur (məsələn, "Çilə" mərasimindəki cır-cındır geymiş "qarı" kimi). Qışın qarı obrazında təsəvvür olunması burada xalq psixologiyasının iştirakını göstərir. Çünki qarı "ömrünü sürüb, gününü keçirmiş" bir adamdır və "o dünyaya" daha rahat, psixoloji komfortu zədələmədən yola salınmaq üçün hazırdır. Xalq düşüncəsi qışın ölümünü və "ölü dünyası"na yola salınmasını bu şəkildə simvolizə edə bilib. "Qarının quyruğu", "qarının süpürgəsi" ifadələri də arxaik ritualın rudimentləri olmalıdır. Ritualın arxaikləşməsi ilə onun bir sıra elementləri qeyri-ritual sferasına səpələnmiş və xalq deyimlərində izlərini saxlayıb.
Yeni təqvim anlayışlarının işləndiyi dövrdə "qış" mart ilə əvəzlənib. Qışın sonuncu ayının milad təqvimi ilə mart olaraq bilindiyi dövrlərdə əski deyimlər qəlibinə mart da daxil edilib. Məsələn, "Mart çıxdı, dərt çıxdı".
Azərbaycan mövsüm mərasimləri içərisində "Xıdır", "Xıdır Nəbi" və ya Xıdır İlyas" mərasimlərinin də özünəməxsus yeri var. Bu mərasimin nəğmələri onun yazı qarşılamaqla, yağış, yaşıllıq arzusu ilə bağlı olduğunu göstərir. Bunun Azərbaycanda "Xıdır Nəbi", Türkiyədə isə "Hıdırellez" variantları qalıb. Azərbaycanda "Xıdır Nəbi" mərasimi böyük çilə bitdikdən sonra, yəni fevralın əvvəllərində keçirilir. "Xıdır Nəbi" mərasimində oxunan mətnlərə aşağıdakı misal ola bilər:

Xıdır İlyas, Xıdır İlyas,
Bitdi çiçək, gəldi yaz.
Xanım, ayağa dursana,
Yük dibinə varsana,
Boşqabı doldursana,
Xıdırı yola salsana.

Azərbaycan mərasim folklorunun öyrənilməsində xüsusi xidmətləri olan folklorşünas alimlərdən biri olan M.Təhmasibin folklorçu fəaliyyətində mərasim folklorunun ayrıca yeri var. Mərasim folklorunun öyrənilməsində alimin fəaliyyəti özünü üç əsas istiqamətdə göstərir: mərasim folklorunun toplanması; mərasim folklorunun nəşri; mərasim folklorunun tədqiqi.

Ağaverdi Xəlil,
araşdırmaçı