“Erməni kilsəsi siyasi idarəçiliyə müdaxilə etməyə çalışır” Gündəm

“Erməni kilsəsi siyasi idarəçiliyə müdaxilə etməyə çalışır”

“Ermənistanda Paşinyan hökuməti ilə kilsə arasında gərginlik son aylarda daha da artıb və proses artıq idarəolunmaz mərhələyə daxil olmaq üzrədir”.

Bunu Milli Məclisin deputatı Samir Vəliyev Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Paşinyan–kilsə qarşıdurmasının kökləri Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbədən və Ermənistanın regiondakı geosiyasi mövqeyinin zəifləməsindən sonra formalaşan daxili siyasi parçalanmaya dayanır: “Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasının ardınca keşiş Baqratın rəhbərliyi ilə başlanan etirazlar hər nə qədər uğursuzluqla nəticələnsə də, əslində, kilsə-hakimiyyət mübarizəsinin başlanğıc nöqtəsi oldu. Son günlər gərginlik daha kəskin mərhələyə keçib. Paşinyan artıq bilavasitə bütün ermənilərin katolikosu II Qareginə qarşı hücuma keçib. Səbəb aydındır: kilsə siyasi idarəçiliyə təsir göstərməyə çalışır və Paşinyan bunu qəbul etmir. O, açıq şəkildə bəyan etdi ki, katolikosun seçilməsində son söz Ermənistan dövlətinə məxsus olmalıdır. Bu isə kilsə üçün tamamilə yeni və sərt yanaşmadır. Kilsə daxilində Paşinyana dəstək verənlərin artması da maraqlı məqamdır. Deputat xatırladıb ki, bir neçə gün əvvəl 13 arxiyepiskopdan 9-u II Qareginə qarşı sərt ittihamlarla dolu bəyanat yayıb və onun kilsə qanunlarını pozduğunu bildirib”.

Millət vəkilinin sözlərinə görə, Paşinyan artıq yeni katolikos üzərində ciddi şəkildə düşünür:
“Hazırda Ermənistanda əsas namizəd kimi ABŞ-ın Qərbi Ermənistan Yepiskopluğunun rəhbəri arxiyepiskop Ovnan Terteryanın adı çəkilir. Əgər Paşinyan parlament seçkilərinə qədər kilsənin rəhbərliyinə özünə yaxın fiquru gətirə bilsə, qarşıdakı seçkilər üçün ən böyük maneəni aradan qaldırmış olacaq. Paşinyan–kilsə qarşıdurmasının hazırkı dinamikası Ermənistanın həm siyasi sistemini, həm də dini institutlarını ciddi şəkildə sarsıdır və bu proses ölkəni daha dərin böhrana sürükləyə bilər”.

Günel Elxan