“Alim adı titul yox, məsuliyyətdir” – TİHA sədri Gündəm

“Alim adı titul yox, məsuliyyətdir” – TİHA sədri

“Bu məsələ uzun illərdir elmi mühitdə səssiz şəkildə müzakirə olunur, lakin indiyədək açıq formada dilə gətirilmirdi. Onun sözlərinə görə, nazirin səsləndirdiyi fikirlər mövcud reallığın etirafıdır”.

Bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli XalqCəbhəsi.az-a açıqlamasında bildirib.

Əmrah Həsənli qeyd edib ki, təəssüf ki, ölkədə elmdə “ad var, iş yoxdur” problemi kifayət qədər geniş yayılıb:
“Özünü alim kimi təqdim edən, amma illərlə nə elmi məqaləsi, nə real tədqiqatı, nə də beynəlxalq elmi mühitlə əlaqəsi olmayan insanlar var. Bu isə təkcə fərdi məsələ deyil, bütövlükdə elmin nüfuzuna ciddi zərbədir.
Əsas problem elmi ad və dərəcələrin uzun müddət status kimi qəbul olunmasıdır.
Bizdə elmi fəaliyyət nəticə üzərində yox, titul üzərində qurulub. Dissertasiya müdafiə edib illərlə həmin mövzunu yeniləməyən, beynəlxalq elmi jurnallarda çıxışı olmayan və real elmi təsiri hiss edilməyən şəxslər hələ də alim kimi təqdim olunur. Bu da gənc tədqiqatçılarda yanlış təsəvvür yaradır.
Bu cür hallar xüsusilə sosial mediada, müxtəlif tədbirlərdə və televiziya çıxışlarında daha qabarıq görünür.Cəmiyyət haqlı olaraq soruşur ki, bu adam nə kəşf edib, nə yazıb, hansı elmi töhfəni verib? Bu suallara cavab olmadıqda isə elm özü zərər görür.
Problemin həlli inzibati qadağalarda deyil, sistemli və şəffaf yanaşmadadır. Alim adının qorunması üçün real meyarlar olmalıdır və bu meyarlar kağız üzərində qalmamalıdır. Elmi dərəcə alan şəxsin fəaliyyəti davamlı qiymətləndirilməlidir. Müəyyən müddət ərzində elmi məhsulu və beynəlxalq elmi dövriyyədə izi olmayan şəxs aktiv alim statusunu itirməlidir. Bu, cəza yox, elmin mahiyyətinə uyğun yanaşmadır. Kim alimdir, kim deyil – bunu ən yaxşı yenə alimlərin özü bilir. Amma illərlə susmaq və bir-birini formal şəkildə təsdiqləmək problemi daha da dərinləşdirib. Sağlam elmi tənqid və obyektiv qiymətləndirmə mədəniyyəti formalaşmalıdır”.

Sonda Əmrah Həsənli gənclərə düzgün mesaj verilməsinin vacibliyini qeyd edib:
“Alim olmaq titul deyil, məsuliyyətdir. Alim olmaq davamlı oxumaq, yazmaq, beynəlxalq elmi mühitdə var olmaq, sual vermək və cavab axtarmaqdır. Əgər bunlar yoxdursa, adın da mənası yoxdur. Alim adını qorumaq əslində elmin gələcəyini qorumaq deməkdir”.

Günel Elxan