“Sosial media yox, diqqət mədəniyyəti əsas problemdir” Gündəm

“Sosial media yox, diqqət mədəniyyəti əsas problemdir”

“Sosial media ilə bağlı müzakirələrdə əsas diqqət tibbi diaqnozlardan daha çox öyrənmə mühitinə və diqqət vərdişlərinin formalaşmasına yönəlməlidir. Məktəb yaşlı uşaqlar və yeniyetmələr üçün əsas risk sosial medianın özü deyil, onun diqqəti parçalama potensialıdır”.

Bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Xalqcəbhəsi.az”-a açıqlamasında bildirib.

Əmrah Həsənli qeyd edib ki, təhsil prosesi davamlı fokus, ardıcıllıq və səbirlə düşünmə tələb edir, sosial media isə qısa, tez-tez dəyişən və dərhal reaksiya tələb edən informasiyalar üzərində qurulub:
“Bu ziddiyyət uzunmüddətli dövrdə şagirdin dərsə köklənmə, mətni dərindən anlama və tapşırıqları sona qədər icra etmə bacarığını zəiflədə bilər.Valideyn və məktəblərin əsas vəzifəsi qadağa tətbiq etmək deyil, düzgün istifadə mədəniyyəti formalaşdırmaqdır. Aşağı yaş qruplarında sosial medianın vaxt baxımından məhdudlaşdırılması, yuxarı yaşlarda isə məqsədli və nəzarətli istifadənin öyrədilməsi vacibdir. Araşdırmalarda qeyd olunan risk artımları təhsil siyasəti üçün ciddi xəbərdarlıq xarakteri daşıyır.Bu nəticələr məktəblərdə telefon istifadəsi ilə bağlı qaydaların gücləndirilməsini, dərs zamanı diqqəti qoruyan öyrənmə mühitinin yaradılmasını və alternativ sosial fəaliyyətlərin artırılmasını zəruri edir”.

Onun sözlərinə görə, yaş məhdudiyyətləri və inzibati tədbirlər müəyyən təsir göstərsə də, bu addımlar təkbaşına problemin həlli deyil:
“Əgər şagird texnologiyanı şüurlu şəkildə istifadə etməyi öyrənmirsə, istənilən qadağa yalnız müvəqqəti effekt verəcək. Dayanıqlı nəticə isə yalnız təhsillə mümkündür. Problem sosial medianın varlığında deyil, diqqət mədəniyyətinin necə formalaşdırılmasındadır və təhsil sistemi bu mədəniyyəti qoruya və gücləndirə bilsə, risklər də azalacaq”.

Günel Elxan