Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29

Son dövrlər Yaxın Şərqdə artan gərginlik və ABŞ-İran münasibətlərindəki kəskinləşmə beynəlxalq aləmdə nüvə silahından istifadə ehtimalı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Vaşinqtonun İranın yeraltı nüvə obyektlərinə yalnız nüvə zərbəsi endirə biləcəyi barədə iddialar isə ekspertlər arasında fərqli yanaşmalara səbəb olub. Mövcud vəziyyət beynəlxalq münasibətlər sistemində gərginliyi daha da artıraraq nüvə riskinin reallığı və bunun qlobal təhlükəsizliyə olası təsirləri ilə bağlı müxtəlif analitik dəyərləndirmələrə yol açır.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, hazırda beynəlxalq münasibətlər sistemi Soyuq müharibədən sonrakı ən gərgin dövrünü, hətta bəzi məqamlar baxımından Soyuq müharibə illərindən də daha mürəkkəb mərhələni yaşayır.
Onun sözlərinə görə, müxtəlif dövlətlərin bir-birinə qarşı nüvə silahından istifadə ehtimalı tarixən gündəmdə olub: “Soyuq müharibə dövründə də biz bunun şahidi olmuşuq. Məsələn, Karib böhranı buna görə baş verib. Tarixə nəzər saldıqda bunun kifayət qədər nümunələrini görmək mümkündür. Ancaq düşünmürəm ki, indiki halda hansısa dövlət digərinə qarşı bu cür ağır silahdan istifadə etsin.
Hazırda beynəlxalq münasibətlər sistemi Soyuq müharibədən sonrakı ən gərgin vaxtını yaşayır. Hətta deyərdim ki, Soyuq müharibə dövründən belə daha gərgin mərhələdəyik. Çünki hazırda biz müharibələrin aktiv fazasını görməsək də, dünya miqyasında kifayət qədər gərginlik ocaqları mövcuddur”.
Z.Əmrəliyev hesab edir ki, ABŞ-ın İrana qarşı, İsrailin təhriki ilə olsa belə, nüvə silahından istifadə etməsi real və məqsədəuyğun ssenari deyil: “Belə bir addım ilk növbədə ciddi beynəlxalq problem yarada, eyni zamanda dünyanı böyük ekoloji sınaq qarşısında qoya bilər. Kimyəvi silahlardan istifadə halları ilə bağlı real faktlar mövcud olsa da, nüvə silahından istifadə tamamilə fərqli nəticələr doğura bilər. Kimyəvi silahlardan istifadə edə bilərlər. Artıq istifadə edilib və bununla bağlı real faktlar var. Müxtəlif Yaxın Şərq münaqişələrində kimyəvi silahlardan istifadə olunub. Ancaq nüvə silahından istifadə tamamilə başqa məna kəsb edir. Bu baş verərsə, nüvə silahı adiləşdirilmiş silaha çevrilə bilər. Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə ehtimalına da toxunan politoloq bildirib ki, ABŞ-ın İrana qarşı mümkün hücumu ilə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları eyni kontekstdə qiymətləndirilməməlidir”.
Onun fikrincə, ABŞ-ın İrana qarşı nüvə silahından istifadə etməsi Rusiyaya Ukraynada analoji addım atmaq üçün müəyyən legitimlik qazandıra bilər: “Lakin belə bir qərarın Rusiya üçün də ciddi siyasi və tarixi nəticələri ola bilər. Bu, Rusiyada müəyyən legitimlik yarada bilər ki, Ukraynaya qarşı analoji addım atsın. Ancaq burada da kifayət qədər ciddi məsələlər var. Nəzərə alaq ki, ABŞ-ın İrana qarşı hücumu ilə Rusiyanın Ukraynaya qarşı hücumu eyni səviyyədə deyil. Ukrayna hər nə qədər hazırda Rusiya ilə müharibə aparsa da, slavyan ölkəsidir. Putinin Ukraynaya qarşı nüvə silahından istifadə etməsi Rusiyanın özündə ciddi rezonans doğura, həm ölkə daxilində, həm də dünya tarixində böyük gərginlik yarada bilər”.
“Belə bir addım…”
Politoloq Elman Telmanoğlu nəzərə çatdırıb ki, ABŞ-ın İranın nüvə obyektlərinə yalnız nüvə silahı ilə zərbə endirə biləcəyi barədə səsləndirilən fikirlər tamamilə əsassız ehtimal kimi qiymətləndirmək olmaz. Lakin bunu Vaşinqtonun artıq belə bir qərar verməsi kimi təqdim etmək də doğru deyil.
Onun sözlərinə görə, ABŞ və İsrailin İranın nüvə proqramına münasibətdə sərt mövqeyi məlumdur: “Ancaq Vaşinqtonun nüvə silahına əl atması tamamilə fərqli siyasi və hərbi məsuliyyət deməkdir. Belə bir addım ABŞ-ı təkcə İranla deyil, bütövlükdə beynəlxalq ictimaiyyətlə ciddi qarşıdurmaya gətirə bilər. Burada İsrail amilini də nəzərə almaq lazımdır. Netanyahu hökuməti İranın nüvə proqramını öz milli təhlükəsizliyi üçün əsas təhdid hesab edir və Vaşinqtonun daha sərt addımlar atmasında maraqlıdır. Lakin İsrailin istəyi ilə ABŞ-ın nüvə zərbəsi endirməsi arasında ciddi fərq var. Tramp administrasiyası belə bir qərarın siyasi, iqtisadi və hərbi nəticələrini nəzərə almadan hərəkət etməz”.
E.Telmanoğlunun fikrincə, daha real ssenari ABŞ-ın İran üzərində hərbi və siyasi təzyiqi artırması, zərurət yaranacağı təqdirdə isə yeraltı nüvə obyektlərinə qarşı adi silahlarla yeni əməliyyat keçirməsidir: “Nüvə silahından istifadə Vaşinqton üçün son dərəcə təhlükəli presedent yaradardı.Üstəlik, bu, Rusiyaya da Ukrayna müharibəsində nüvə silahından istifadəni əsaslandırmaq üçün əlavə arqument verə bilər”.
Politoloq bu tipli açıqlamaları daha çox xəbərdarlıq və ya mümkün ssenari kimi yanaşmağın vacibliyini qeyd edib: “Hazırda ABŞ-ın noyabrın 7-dək İrana nüvə zərbəsi endirmək barədə qərar verəcəyini təsdiqləyən etibarlı fakt yoxdur.Düşünürəm ki, bu cür məlumatlar bölgədəki gərginliyi daha da artırır. Lakin nüvə müharibəsi təhlükəsini qaçılmaz hadisə kimi təqdim etmək siyasi və analitik baxımdan doğru deyil”.