Enerji ixracından tranzit mərkəzinə: Azərbaycanın Avrasiya geoiqtisadiyyatında mövqeyi Siyasət

Enerji ixracından tranzit mərkəzinə: Azərbaycanın Avrasiya geoiqtisadiyyatında mövqeyi

Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi əhəmiyyəti onun enerji resursları, əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı ilə birbaşa bağlıdır. Uzun illər ölkənin beynəlxalq iqtisadi sistemdəki mövqeyi əsasən neft və qaz ixracı ilə müəyyənləşirdisə, hazırda bu imkanlar nəqliyyat, logistika və regional ticarət əlaqələri ilə tamamlanır. Beləliklə, Azərbaycan tədricən yalnız enerji təchizatçısı deyil, həm də Şərqlə Qərb arasında iqtisadi bağlantıları təmin edən mühüm tranzit ölkə kimi çıxış edir.
Neft-qaz sektoru Azərbaycanın geoiqtisadi mövqeyinin formalaşmasında mühüm rol oynamaqda davam edir. Xüsusilə Avropanın enerji mənbələrinin şaxələndirilməsinə yönələn siyasəti ölkəmizin strateji əhəmiyyətini artırıb. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarlarına çatdırılmasını təmin edən əsas infrastruktur layihələridir. Bu marşrutlar Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu gücləndirməklə yanaşı, ölkənin beynəlxalq tərəfdaşlıqlarının genişlənməsinə də şərait yaradır. Bununla belə, uzunmüddətli iqtisadi dayanıqlılıq baxımından enerji ixracından əldə olunan üstünlüklərin qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.
Nəqliyyat-logistika istiqaməti isə Azərbaycanın geoiqtisadi strategiyasında getdikcə daha böyük yer tutur. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində ölkəmizin mövqeyi Çin və Mərkəzi Asiya bazarlarını Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa ilə birləşdirən marşrutların inkişafı ilə möhkəmlənir. Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq ticarətdə təchizat zəncirlərinin yenidən qurulması, alternativ marşrutlara tələbatın artması və geosiyasi risklərin nəqliyyat seçimlərinə təsiri bu dəhlizin əhəmiyyətini daha da artırır.
Azərbaycanın bu istiqamətdəki üstünlüklərindən biri Xəzər dənizinin qərb sahilində yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və inkişaf etmiş avtomobil yolları şəbəkəsidir. Bu infrastruktur Xəzər hövzəsi ilə Cənubi Qafqaz arasında yükdaşımaların əlaqələndirilməsinə imkan verir. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik yükdaşıma imkanının 1 milyon tondan 5 milyon tona çatdırılması Azərbaycanın tranzit potensialını əhəmiyyətli dərəcədə genişləndirib. Eyni zamanda, Orta Dəhliz boyunca Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın dərinləşməsi marşrutun rəqabət qabiliyyətini artırır.
Enerji və nəqliyyat istiqamətlərinin paralel inkişafı Azərbaycanın iqtisadi təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Belə ki, neft-qaz ixracı ölkənin beynəlxalq enerji bazarlarında mövqeyini qoruyursa, tranzit və logistika xidmətləri qeyri-neft sektorunda əlavə gəlir mənbələrinin formalaşmasına şərait yaradır. Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifə mövcud coğrafi və infrastruktur üstünlüklərini davamlı iqtisadi dəyərə çevirməkdir.
Bunun üçün limanların ötürücülük qabiliyyətinin artırılması, dəmir yolu şəbəkəsinin modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal logistika sistemlərinin tətbiqi və Xəzər dənizində yükdaşıma imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasında olmalıdır. Eyni zamanda, Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün marşrut boyunca tariflərin uzlaşdırılması və sərhəd-keçid prosedurlarının koordinasiyası vacibdir. Çünki beynəlxalq yükdaşımalarda yalnız coğrafi yaxınlıq deyil, həm də daşınma müddəti, xidmət keyfiyyəti və logistika xərcləri həlledici rol oynayır.
Azərbaycanın geoiqtisadi mövqeyi artıq yalnız enerji resurslarının ixracı ilə məhdudlaşmır. Ölkənin enerji, nəqliyyat və logistika imkanlarının qarşılıqlı şəkildə inkişaf etdirilməsi Avrasiya məkanında daha geniş iqtisadi əlaqələrin formalaşmasına şərait yaradır. Orta Dəhlizin inkişafı isə bu prosesdə Azərbaycanın rolunu daha da genişləndirərək ölkənin regional tranzit və iqtisadi əməkdaşlıq mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər.

Əli Səlimov, iqtisadçı