Demokratların qələbəsi: Trampın xarici siyasəti dəyişəcək? Dünya

Demokratların qələbəsi: Trampın xarici siyasəti dəyişəcək?

ABŞ-də noyabrın 3-də Konqresə aralıq seçkilər keçirilib. Seçkilərdə demokratlar Nümayəndələr Palatasında və Senatda çoxluq əldə edib.
Bu, Trampın xarici siyasətinə, xüsusən də ABŞ-İran münasibətlərinə necə təsir edəcək? Tramp İran müharibəsini davam etdirə biləcəkmi?
“Xalq Cəbhəsi” mövzunu politoloqlarla müzakirə edib.
Politoloq Turan Rzayev bildirib ki, ABŞ və İsraildə seçkilərin nəticələrinə baxdıqda ilk baxışdan Donald Tramp və Benyamin Netanyahunun mövqelərini itirdiyi təsəvvürü yaranır: “Lakin mən məsələyə yalnız bu prizmadan baxmaq tərəfdarı deyiləm. Hesab edirəm ki, hazırkı proseslərin arxasında daha mürəkkəb siyasi hesablamalar dayanır. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, son günlər ABŞ-nin İrana nüvə silahından istifadə edəcəyinə dair ciddi iddialar var. Düzdür, mən Vaşinqtonun birbaşa nüvə silahından istifadə edəcəyini düşünmürəm, lakin hazırkı mərhələdə ABŞ İrana adi silahlarla genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Onsuz da Trampın əsas məqsədi İranı müharibə yolu ilə tamamilə məhv etməkdən daha çox, onu danışıqlar masasında Vaşinqtonun şərtlərini qəbul etməyə məcbur etməkdir. Məhz bu kontekstdə Trampın demokratlarla əməkdaşlığa hazır olduğunu açıqlaması və Netanyahunun parlamentdə yeni siyasi reallıqla üzləşməsi, məncə, diqqət çəkir. İki liderin nüfuzunu itirməsi danılmaz faktdır, lakin, məncə, bu iki şəxs həm də krizi fürsətə çevirməyə çalışır”.
“Demokratlarla müəyyən razılaşma əldə olunarsa...”
O diqqətə çatdırıb ki, İranla müharibə ABŞ və İsrail üçün sadəcə hərbi əməliyyat deyil: “Bu, həm də uzunmüddətli siyasi, iqtisadi və diplomatik nəticələri olan qərardır. Belə bir müharibənin nəticələri yalnız Vaşinqton və Təl-Əvivdə deyil, bütövlükdə Qərb dünyasında siyasi böhran yarada bilər. Xüsusilə müharibənin uzanması, enerji bazarlarında ciddi sarsıntıların meydana gəlməsi, Hörmüz boğazı ətrafında təhlükəsizlik problemlərinin dərinləşməsi və regionda yeni hərbi cəbhələrin açılması ABŞ administrasiyasına qarşı təzyiqləri artıracaq. Bu mənada Trampın bu müharibənin bütün siyasi və iqtisadi məsuliyyətini şəxsən üzərinə götürmək istəməməsi başadüşüləndir. Demokratların Konqresdə güclənməsi fonunda onları da İranla bağlı qərarların müzakirəsinə və mümkün siyasi proseslərə cəlb etmək gələcəkdə mühüm əhəmiyyət daşıya bilər. Əgər hərbi əməliyyatların genişləndirilməsi və ya yeni strateji qərarların qəbul edilməsi məsələsində demokratlarla müəyyən razılaşma əldə olunarsa, sonradan yaranacaq siyasi böhranın məsuliyyətini yalnız Tramp administrasiyasının üzərinə qoymaq çətinləşər”.
“Vaşinqton və Təl-Əvivdə ikinci məsələnin hesablamaları aparılır”
T.Rzayev İsraildə də vəziyyətin fərqli olduğunu düşünmür: “Hətta Netanyahu üçün İranla mümkün müharibənin nəticələri daha həssas məsələdir. Çünki İsrail cəmiyyətində təhlükəsizlik məsələləri hökumətin legitimliyini müəyyənləşdirən əsas amillərdəndir. İranla qarşıdurmanın uğursuz nəticələnməsi, İsrailin təhlükəsizlik sisteminin zəifliklərinin üzə çıxması və müharibənin gözləniləndən daha ağır nəticələr doğurması Netanyahunun siyasi karyerasına ciddi zərbə vura bilər. Belə vəziyyətdə parlamentdəki siyasi qüvvələrin müəyyən qərarlara ortaq edilməsi Netanyahu üçün də əlavə siyasi sığorta mexanizmi rolunu oynaya bilər. Əgər İranla bağlı strateji qərarlar daha geniş siyasi razılaşma çərçivəsində qəbul edilərsə, müharibənin nəticələrinə görə məsuliyyətin yalnız baş nazirin üzərinə qoyulması çətinləşəcək. Məncə, hazırda diqqət yetirilməli əsas məsələ Trampın və Netanyahunun siyasi güclərini itirib-itirməməsi deyil. Əsas məsələ onların yaranmış siyasi vəziyyəti necə idarə edəcəkləri və İranla mümkün böyük qarşıdurmanın siyasi yükünü kiminlə bölüşdürəcəkləridir. Çünki müharibəyə başlamaq bir qərardır, onun nəticələrinə görə məsuliyyət daşımaq isə tamamilə başqa məsələdir. Görünən odur ki, Vaşinqton və Təl-Əvivdə ikinci məsələnin hesablamaları aparılır”.
“Demokrat dalğası respublikaçıları silib süpürdü”
Politoloq Turab Rzayev söyləyib ki, əslində, bu, gözlənən idi: “Gözlənilirdi ki, Nümayəndələr Palatası demokratların nəzarətinə keçəcək. Ancaq Senatda da demokratların bu qədər uğur qazanmağı, eyni zamanda, Nümayəndələr Palatasında da fərqin bu qədər çox olması gözlənilən deyildi. Düşünürəm ki, bu “mavi dalğa” dedikləri demokrat dalğası çox ciddi şəkildə respublikaçıları silib süpürdü. Demək olar ki, Senata on illərdir demokratların seçilmədiyi ərazilərdə demokratlar seçildi. On illərdir demokratların nəzarət etmədiyi ştatlarda demokrat qubernatorlar seçildi. Aydın məsələdir ki, bu məsələdə artıq Konqres demokratların nəzarətinə keçdi. Onlar Trampın xarici siyasətini artıq görməməyə çalışacaqlar. Ən azı İrana qarşı müharibəni dəstəkləməyəcəklər. Onsuz da demokratların əksəriyyəti həmişə İranı dəstəkləyirdilər. Yəni onlar İrana qarşı müharibəni dəstəkləməyəcəklər”.
“Trampın bəzi siyasi addımlarını bloklamağa çalışacaqlar”
Politoloq düşünür ki, İran-ABŞ münasibətlərində demokratların həmişə xüsusi rolu olub: “Demokratlar açıq şəkildə İranı dəstəkləyiblər. Hətta Obama dövründə İranla hakimiyyət son günündə də müqavilənin imzalanması, İranla razılığa gəlinməsi, İsrailin münasibətlərin pozulması müşahidə olunurdu. Daha sonra Bayden bunu davam etməyə çalışdı, çox davam etdirə bilmədi. Düşünürəm ki, indi ən azından Trampın bəzi siyasi addımlarını bloklamağa çalışacaqlar və bu, təkcə İranla bağlı deyil. Düşünürəm ki, Çinə qarşı münasibətdə də demokratlar yenə özü ritorikalarına qayıtmağa çalışacaqlar. Rusiya ilə münasibətdə Trampı daha çox ittiham edəcəklər. Çünki Trampı Rusiya ilə yaxınlaşmağa, səmimi dostlaşmağa icazə verməyəcəklər. Ukrayna müharibəsinə münasibətdə dəyişiklik ola bilər. Yenidən Ukraynanı dəstəkləmək istəyə bilərlər. Tramp Ukraynanı dəstəkləmək istəmirdi və Zelenskinin getməsini istəyirdi”.
“Avropa İttifaqı və NATO-ya qarşı münasibət yenidən istiləşə bilər”
“Avropa İttifaqı və NATO-ya qarşı münasibət yenidən istiləşə bilər. Düşünürəm ki, faktiki olaraq xarici siyasətdə Trampa yön verə bilərlər. Düzdür, xarici siyasəti Tramp idarə edir, yəni prezident idarə edir, amma ən azından qanun layihələrinin təsdiqi, qanun təkliflərinin verilməsi, Trampın verdiyi qanun layihələrinin qarşısının alınması və büdcə məsələləri, maliyyə məsələləri və s. ilə bağlı Konqres Trampın xarici siyasətinə yön verməyə çalışacaq”- deyə T.Rzayev qeyd edib.

Röya İsrafilova