“Ordu daim gücləndirilməlidir” Gündəm

“Ordu daim gücləndirilməlidir”

“Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ötən ilə yekun vurdu, 2026-cı ildə ölkə qarşısında duran hədəfləri açıqladı, daxili və xarici siyasətin prioritetlərini sadaladı. Prezidentin diqqət yetirdiyi ən mühüm məsələlərdən biri sülh dövrü və təhlükəsizliklə bağlı reallıqlar olub. Cənab Prezident bu məsələləri izah etdi və problemlərə aydınlıq gətirdi. Ötən il Ermənistanla münaqişənin siyasi mərhələsinin yekunlaşması Prezident tərəfindən qeyd olundu. Ölkə başçısı uzun illərdən sonra sülh şəraitində yaşamağın vacibliyini vurğuladı”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Deputat əlavə edib ki, Prezidentin sülh dövründəki yeni çağırışlarla bağlı mesajları mühüm əhəmiyyət kəsb edir: “Bu çağırışlara real cavab vermək üçün ordumuzu mütləq şəkildə gücləndirmək lazımdır. İnformasiyaya malik olmaq üçün xüsusi xidmət orqanları hansı addımları atmalıdırlar, bəllidir. Biz sülhün davamlı olmasını istəyirik, amma sabitliyin qorunması üçün müdafiə qabiliyyətini möhkəmləndirmək əsas prioritetdir. Prezidentin də qeyd etdiyi kimi, ötən ilin avqustundakı Vaşinqton görüşü, sülh sazişinin paraflanması və ABŞ kimi qüdrətli dövlətin zəmanətçi kimi çıxış etməsi mühüm məsələdir. Cənab Prezident ordu quruculuğuna və müdafiə sənayesi məsələsinə diqqət yetirib. Biz son beş ildə bu sahədə sürətli inkişafın olduğunu görürük”.

A.Nağıyevin bildirdiyinə görə, Prezident əldə olunmuş nailiyyətlərlə yanaşı, qarşıda bizi gözləyən məsələlərin həllinin yol xəritəsini göstərmiş oldu: “Ölkə başçısının dediyi kimi, arxayınlaşmamalıyıq və hərbi-təhlükəsizlik sahəsində çox ciddi işlər görməliyik. Ordunun təhlükənin şərtlərinə uyğun olaraq çevik, tapşırıqları zamanında və qüsursuz yerinə yetirməsi üçün hazırlığı vacib amildir. Həmçinin hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları çox ciddi işlər görməlidirlər. Təbii ki, bu qurumların ciddi nailiyyətləri var və bu fəaliyyəti daha da təkmilləşdirmək lazımdır. Ordu daim gücləndirilməlidir. Bu gün dünyada hüquq arxa planda qalıb. Kimin gücü varsa, o, beynəlxalq hüquqdan üstün olduğunu nümayiş etdirir. Bu reallığı qəbul etmək lazımdır. Cənab Prezident qeyd etdi ki, beynəlxalq hüquq kağız üzərində qalıb. Hesab edirəm ki, Azərbaycanın güc balansını qoruması, təhlükəsizlik sahəsində güclü olmaq zərurəti var. Bunu Prezident vurğuladı”.

Röya İsrafilova