13:44
1 169
İranın xarici işlər naziri Abbas Əraqçi 30 yanvarda Türkiyəyə səfər edəcək. Onun türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının əsas mövzusu İslam Respublikası ətrafındakı vəziyyət olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.
Xarici İşlər Nazirliyindən qeyd edilib ki, "Nazir Fidan Əraqçi ilə görüşündə Türkiyənin İrandakı son hadisələri yaxından izlədiyini və qonşu ölkədə təhlükəsizliyin, sülhün və sabitliyin onun üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edəcək".
Onlar əlavə ediblər ki, Fidan iranlı həmkarına Ankaranın İrana hərbi müdaxiləyə qarşı olduğunu bir daha təkrarlayacaq və bu cür addımların regional və qlobal səviyyələrdə yaratdığı risklərə diqqət çəkəcək. Mənbələr bildirib ki, "Həmçinin Türkiyənin mövcud gərginliyin dialoq yolu ilə həllinə töhfə verməyə hazır olduğu, İranın nüvə proqramı məsələsinin sülh yolu ilə həllinin tezliklə əldə edilməsini dəstəklədiyi və lazım gələrsə, bu istiqamətdə kömək göstərməyə hazır olduğu bildiriləcək".
Ankara dəfələrlə İranın işlərinə hər hansı bir xarici müdaxiləyə qarşı olduğunu bildirib.
Məryəm Quliyeva