10:19
623
Yaxın Şərqdə baş verən son hadisələr enerji təhlükəsizliyini yenidən hökumətlərin və şirkətlərin əsas prioritetlərindən birinə çevirib.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında Deloitte şirkətinin partnyoru Aleksios Zaxariadis deyib.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi artıq fon amili deyil, korporativ idarəetmə və dövlət siyasəti səviyyəsində əsas investisiya istiqamətlərindən birinə çevrilib.
A.Zaxariadis bildirib ki, Yaxın Şərqdəki münaqişə və xüsusilə Hörmüz boğazında yaranan risklər enerji ixrac marşrutlarının dayanıqlılığı ilə bağlı narahatlıqları artırıb.
“Şirkətlər və hökumətlər enerji keçidindən imtina etmirlər. Onlar enerji təhlükəsizliyi, kommersiya gəlirləri və dekarbonizasiya məqsədləri arasında daha praqmatik balans qurmağa çalışırlar”, – deyə o qeyd edib.
Deloitte rəsmisinin sözlərinə görə, region ölkələri ixrac marşrutlarının təhlükəsizliyini artırmaq üçün yeni əməkdaşlıq modellərini nəzərdən keçirirlər.
“Mən yaxın gələcəkdə müxtəlif hökumətlər arasında enerji məhsullarının ixracı üçün birgə infrastruktur layihələrinin yaradılmasını istisna etmirəm”,- deyə A.Zaxariadis bildirib.
O qeyd edib ki, Hörmüz boğazında yaranan problemlər nəticəsində Qətər, Küveyt və İraq kimi ölkələr enerji ixracında ciddi çətinliklərlə üzləşiblər.
Onun sözlərinə görə, gələcəkdə region ölkələri mövcud “dar keçidlərdən” asılılığı azaltmaq və enerji təchizatının davamlılığını təmin etmək məqsədilə yeni ixrac marşrutları və ortaq infrastruktur layihələri inkişaf etdirə bilərlər.